BAKI, 7 avqust — Sputnik. "5 avqust tarixində məzuniyyətdə olarkən Brüssel vaxtı ilə saat 15:00-da Belçikada yaşadığım evin qarşısında mən və xanımım naməlum 2 nəfər tərəfindən hücuma məruz qaldıq. Bu şəxslər biz binanın girişindən içəri girərkən zorla içəri soxularaq, bizi silah və bıçaqla hədələyərək, üzərlərimizdəki əşyaların onlara verilməsini tələb ediblər".
Bunu Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Brüsseldə ona qarşı hücumla bağlı APA-ya deyib.
O bildirib ki, onlar xanımımın çantasını və qollarımızdakı rolex model saatları götürərək, bizə yüngül xəsarət yetirərək ərazidən kənarlaşıblar. Polis dərhal əraziyə gələrək, hadisənin araşdırılmasına başlayıb. Polis tərəfindən verilmiş məlumata əsasən hal-hazırda cinayətkarların məsuliyyətə cəlb edilməsi məqsədilə müvafiq istintaq tədbirləri davam etdirilir.
"Həmçinin qeyd edim ki, Belçika mətbuatında yaşadığımız binanın şəkillərinin dərc olunması təhlükəsizlik səbəbindən qəbuledilməzdir. Qarət edilən saatlarımızın qiymətinin mətbuatda hədsiz dərəcədə və dəfələrlə şişirdilməsi də təəssüf doğurur. Bizə məxsus saatlar rolex markalı olsa da onlar metalik və sadə modellər olub. Bu hücum hadisəsi barədə həmçinin Belçika tərəfinə rəsmən səfirliyimiz tərəfindən müraciət edilib və diplomatların toxunulmazlığının təmin olunması və onlara qarşı bu kimi hücumların qarşısının alınması üçün Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası çərçivəsində tədbirlər görülməsi tələb olunub", - açıqlamada qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.