BAKI, 7 avqust — Sputnik. Qərb Qəzzadakı vəziyyətlə bağlı dəhşətli ikiüzlülük nümayiş etdirir, Ukraynaya dəstək verir və Fələstin müqavimətini cinayət hesab edir. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
"Ümumiyyətlə, bu, dəhşətli ikiüzlülükdür. Qərb Ukraynada baş verənləri cinayət hesab edir. Amma İsrailin Fələstini işğalına təbii və qanuni yanaşır. Ukraynada insanları müqavimətə çağıranlar Fələstin müqavimətini cinayətkar hesab edirlər. Ukraynada müqavimət göstərmək və Fələstindəki işğalçılara qeyd-şərtsiz dəstək vermək ikiüzlülükdür", - deyə Fidan Bosniyanın "Stav" nəşrinə müsahibəsində bildirib.
7 oktyabr 2023-cü ildə İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qaldı. Bundan sonra Fələstinin HƏMAS hərəkatının döyüşçüləri sərhəd bölgələrinə daxil olaraq hərbçilərə və mülki şəxslərə atəş açıb, 200-dən çox insanı girov götürüb. Səlahiyyətlilərin məlumatına görə, təxminən 1,2 min nəfər ölüb.
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında mülki hədəflərə hücumları əhatə edən Dəmir Qılınclar əməliyyatına başlayıb. İsrail anklavı tam blokadaya aldığını elan edib: su, elektrik, yanacaq, ərzaq və dərman təchizatı dayandırılıb. İsrailin oktyabrın 7-dən Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 39,6 mini keçib, 91,5 mindən çox insan yaralanıb.
Qəzza zolağı faktiki olaraq cənub və şimal hissələrə bölünüb, İsrail HƏMAS-ın son qalası sayılan Rəfahda quru əməliyyatı keçirir.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Moskvanın mövqeyinə görə, nizamlanma yalnız paytaxtı Şərqi Qüdslə 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması ilə BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi düstur əsasında mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.