BAKI, 7 avqust — Sputnik. Qarabağ Universiteti 2024/2025-ci tədris ilində Humanitar və sosial elmlər fakültəsi, Pedaqoji fakültə üzrə tələbə qəbulu həyata keçirəcək. Bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, Humanitar və sosial elmlər fakültəsi üzrə tələbə qəbulu tarix, psixologiya, hüquqşünaslıq, beynəlxalq münasibətlər ixtisasları üzrə aparılacaq.
Pedaqoji fakültə üzrə tələbə qəbulu ryaziyyat müəllimliyi, ibtidai sinif müəllimliyi, xarici dil müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasları üzrə aparılacaq.
Qarabağ Universiteti
© Photo : AZERTAG
Xatırladaq ki, Prezident İlham Əliyev noyabrın 28-də Xankəndidə Qarabağ Universitetinin yaradılması barədə sərəncam imzalayıb. Mayın 22-də Qarabağ Universitetinin rektoru vəzifəsinə təyin edilmiş Şahin Bayramov Elm və Təhsil Nazirliyinin heyətinə təqdim olunub.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov abituriyentlərə müraciət edib. Rektor jurnalistlərə açıqlamasında abituriyentlərə çağırış edərək deyib ki, ixtisas seçimi zamanı Qarabağ Universitetini ilk sırada yazsınlar.
Ş.Bayramov bildirib ki, onların Qarabağ Universitetinin ilk tələbəsi olmaq şansları var.
"Bu şansı əldən qaçırmasınlar. Onlar Qarabağ Universitetinin ilk tələbəsi olmaqla, həm də Qarabağ Universitetinin ilk məzunu olmaq şansını qazanmış olacaqlar. Əminik ki, bizi seçən tələbələr universitetin inkişafında fəal rol oynayacaqlar. Biz abituriyentləri dəvət edirik ki, gəlin Qarabağ Universitetinin tələbəsi olun. Elə Qarabağ Universitetini sizinlə bərabər quraq, bu niyyətlə yola çıxmışıq", - rektor vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.