BAKI, 7 avqust — Sputnik. Vahid məktəbli geyimlərinin əldə edilməsinin asanlaşdırılması, əlçatanlığın təmin edilməsi məqsədilə vətəndaşlar aşağıda qeyd edilən, eləcə də ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən istənilən satış məntəqələrinə müraciət edə bilərlər.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə müsahibəsində deyib.
Nurlan İsmayılbəyli bildirib ki, valideyn keçid (https://shorturl.at/6ptf0) vasitəsilə məktəbli formalarının satış məntəqələri barədə məlumat əldə edə bilər. Siyahıda adlarının qeyd edilməsini istəyən digər sahibkarlıq subyektləri məntəqənin yerləşdiyi ünvan və əlaqə vasitələri ilə bağlı mektebliformasi@mutda.edu.az ünvanına məlumat verə bilərlər.
Agentlik rəsmisi qeyd edib ki, məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Bununla bağlı Agentliyin yerli bölmələrinə və tabe müəssisələrinə müvafiq tapşırıqlar verilib. Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda Agentliyin və yerli bölmələrinin "Çağrı Mərkəzi" ilə əlaqə yarada bilərlər.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"nin təsdiq edilməsi haqqında qərarına əsasən ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir.
"2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib. Valideynlər, xüsusilə övladları birinci sinfə gedənlər Agentliyin və yerli bölmələrinin Çağrı Mərkəzi, eləcə də uşaqlarının təhsil alacağı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərlər", - qurum rəsmisi əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.