BAKI, 7 avqust — Sputnik. Dünya bazarlarında neft qiymətləri kəskin ucuzlaşmadan sonra bir qədər bahalaşıb. Neftə tələbatın aşağı olmasına baxmayaraq Yaxın Şərqdə vəziyyətin gərginləşəcəyi narahatlığı qiymətləri bahalaşdırıb. Lakin qiymət artımı aşağı tələb səbəbindən məhdud olub.
"Brent" markalı neft 17 sent artaraq 76,60 dollar, ABŞ-nin Qərbi Texas nefti (WTI) 17 sent artaraq 73,37 dollar olub.
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 10 sent artaraq 79,83 dollar təşkil edib.
Analitiklərin fikrincə, neft qiymətlərində artım Yaxın Şərqdəki gərginliyin artması ilə bağlıdır. Amma neftə olan tələb hələ də aşağıdır və bunun qiymətlərin yüksəlişini məhdudlaşdıracağı gözlənilir.
Qeyd edək ki, Çində iyul ayı üçün gündəlik neft idxalı 2022-ci ilin sentyabrından bəri ən aşağı səviyyəyə düşüb. Digər tərəfdən, ABŞ-də neft ehtiyatları keçən həftə 176 min barel artıb, ancaq analitiklər neft ehtiyatlarının 700 min barel azalacağını gözləyirdi.
Bu həftənin əvvəlində "Brent" markalı neftin qiyməti bu ilin yanvarın əvvəlindən bəri ən aşağı səviyyəyə düşüb. "WTI" markalı neftin qiyməti isə bu ilin fevralından bəri ən aşağı səviyyəyə çatıb. Çünki qlobal birja bazarı ABŞ-də potensial resessiya ilə bağlı artan narahatlıqlar səbəbindən ciddi dəyişiklik göstərib.
Asiya, Avropa və ABŞ-da birja indeksləri nəzərəçarpacaq dərəcədə aşağı düşüb. İnvestorlar ABŞ iqtisadiyyatının perspektivləri ilə bağlı narahatlıqlar səbəbindən riskdən çəkinirlər.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.