BAKI, 7 avqust — Sputnik. Banqladeşin müvəqqəti hökumətinin başçısı, Nobel mükafatı laureatı Məhəmməd Yunus etirazçıları sakit olmağa və "yeni dünya" yaradarkən qəddarlıqdan əl çəkməyə çağırıb. Bu barədə "Daily Star" xəbər verib.
"Qələbəmizdən düzgün istifadə edək. Biz özümüz və gələcək nəsillərimiz üçün gözəl ölkəni qorumalı və yaratmalıyıq", - laureatın Dəkkədəki tədqiqat institutunun saytındakı bəyanatında deyilib.
Yunus, həmçinin etirazçıları zorakılıqdan əl çəkməyə və "yeni düşmənlər yaratmamağa" çağırıb.
"Gənclərimiz... Yeni dünyanın yaradılmasında öncül olmağa hazırdır. Mənasız qəddarlığa qərq olaraq bu şansı əldən verməyək", - o əlavə edib.
"Daily Star" qəzeti 84 yaşlı Yunusa yaxın mənbəyə istinadən onu da qeyd edib ki, Fransada müalicə alan Banqladeş müvəqqəti hökumətinin başçısı, Nobel mükafatı laureatı Məhəmməd Yunus 8 avqust cümə axşamı günün ikinci yarısında ölkəyə qayıdacaq.
Banqladeş ordusunun asayişi bərpa etmək və müvəqqəti hökumətin qurulması prosesini dəstəkləmək səylərinə rəhbərlik edən Banqladeş ordusunun rəisi general Vaker-Uz-Zaman isə Dəkkədə keçirilən mətbuat konfransında müvəqqəti hökumətin cümə axşamı and içəcəyini və Banqladeşdə vəziyyətin yaxın üç-dörd gün ərzində normallaşacağını bildirib.
"General Vaker-Uz-Zaman Nobel mükafatı laureatı professor Məhəmməd Yunusun rəhbərlik etdiyi müvəqqəti hökumətin sabah saat 20.00-da and içəcəyini açıqlayıb", - məlumatda bildirilib.
Qəzet əlavə edib ki, generalın sözlərinə görə, müvəqqəti hökumətin tərkibinə 15 nəfərə qədər adam daxil olacaq.
Bazar ertəsi Banqladeşin keçmiş Baş naziri Şeyx Hasina və onun bacısı iğtişaşlar fonunda daha təhlükəsiz yer üçün Dəkkədəki rəsmi iqamətgahı tərk ediblər. "News18" telekanalı Hasinanın istefa verdiyini və Hindistanın Aqartala şəhərinə uçduğunu bildirib. "Hindu" nəşri keçmiş baş nazirin Böyük Britaniyadan sığınacaq istədiyini yazıb. 2006-cı il Nobel Sülh Mükafatı laureatı doktor Məhəmməd Yunus rəsmən Banqladeşin müvəqqəti hökumətinin başçısı təyin edilib.
Xatırladaq ki, "Tələbələrin ayrı-seçkiliyə qarşı" hərəkatının avqustun 4-də başladığı hakimiyyətlə çoxgünlük "əməkdaşlıq etməmək aksiyası"nın elan edilməsindən sonra Dəkkədə və ölkə daxilində etirazlar və nümayişlər başlayıb. Hökumət əleyhdarı tələbələr, polis və hökumət tərəfdarları arasında toqquşmalar iğtişaşlara çevrilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.