BAKI, 6 avqust — Sputnik. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana səfərinin ardınca Azərbaycana gəlib. Yüksək səviyyəli diplomatın regionda davam edən gərginlik fonunda növbəti səfərini Azərbaycana etməsi maraqla qarşılanıb. Qeyd edək ki, HƏMAS hərəkatının Siyasi Bürosunun lideri İsmayıl Haniyənin öldürülməsindən sonra rəsmi Tehran İsraili cavab zərbəsi endirəcəyi ilə hədələyir. Artıq İsrail rəsmiləri İranın bütün hücumlarına hazır olduqlarını bəyan edirlər. Müxtəlif diplomatik kanallar vasitəsilə İranın İsrailə ünvanladığı mesajlarda bu zərbənin gec-tez endiriləcəyi bildirilir.
Rəsmi Bakının baş verən proseslərdə sakit mövqe tutmasına baxmayaraq, Şoyqunun bu səfəri Azərbaycandan gözləntilərin olduğunu ortaya çıxarır. Ya rəsmi Tehran Azərbaycan vasitəsilə İsrailə mesaj ünvanlamaq istəyir, ya da İsrailin törətdiyi iddia edilən Haniyə sui-qəsdinə rəsmi mövqe qoyulması istənilir.
Əslində baş verənlərlə bağlı ortada cavabsız suallar çoxdur. Hər kəsə bəllidir ki, İranın İsrailə endirəcəyi zərbə sadəcə bu iki ölkə arasında baş verəcək hərbi eskalasiya olmayacaq. Yaxın Şərq regionu qlobal qarşıdurmanın astanasındadır. Əslində bu qarşıdurmanın bir qanadı Ukrayna ərazisində davam edir. İndi isə Yaxın Şərqdə ehtimal edilən savaş təhlükəsi bütün dünyanı öz caynağına ala bilər.
Baş verənlər fonunda beynəlxalq hüquqla nizamlanma haqqında danışmaq isə yersiz olar. Çünki bu gün dünyada cərəyan edən hadisələrə baxdıqda beynəlxalq hüquq adlandırılan nəsnənin yarasızlığı və gücsüzlüyü ortadadır. Beynəlxalq hüquq anlayışı ancaq gücün diqtəsi altında işləyir desək yanılmarıq.
Qayıdaq Şoyqunun səfərinə... Şoyqu bir vaxlar Rusiya Federasiyasının Müdafiə Naziri olub. Bu gün icra etdiyi vəzifədə yetərincə önəmlidir. İndi Şoyqunun Bakıya hansı məqsədlərlə gəlməsi sual doğurur.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyib ki, indi təhlükəsizliklə bağlı məsələr daha çox önə çıxır: "Bu baxımdan Şoyqunun səfəri yerinə düşür. Regionumuzda təhlükəsizliklə bağlı risklər çox idi. İndi İran-israil arasında baş verəcəklərlə qlobal fəlakət başlaya bilər. İndi heç bir ölkə bu fəlakətdən sığortlandığını iddia edə bilməz. Bu baxımdan həmin hadsiələr baş vermədən danışıqların aparılması, koordinasiyaların davam etdirilməsi vacibdir. Bizim bölgəmizdə belə sabitlik pozula bilər. Şoyqunun səfəri də göstərir ki, bəzi məqamları İran-Azərbaycan-Rusiya üçlü formatda müzakirə etməlidirlər. Bu üçlü format uzun müddətdir mövcuddur. Bu müxtəlif istiqamətlərdə özünü doğruldub. Şoyqunun gəlməsi birlikdə atacağımız addımları tənzimləmək, proseslərə aydın yanaşmaqla bağlıdır"
Politoloqun sözlərinə görə, İranın İsraillə əlaqə qurmaq üçün çoxlu kanalları var və ola bilsin ki, Azərbaycan vasitəsilə də hansısa mesajları çatdırmaq istəsin: "Ancaq onu qeyd etmk yerinə düşər ki, İran lazımi mesajları artıq İsrailə çatdırıb. Bu gün təsadüfi deyil ki, ABŞ bu prosesdə iştirak edir. ABŞ istəyir ki, böyük müharibə olmasın. Bayden administrasiyası gözəl anlayır ki, Netanyahu bütün qırmızı xətləri keçib və ABŞ-ı qlobal savaşa cəlb etmək istəyir".
VI çağırış Milli Məclisin deputatı Arzu Nağıyev isə bildirir ki, Şoyqunun İrana səfəri son yaşanan proseslərlə bağlıdır: "Rusiya İran və İsrail arasında vasitəçi rolu oynayaraq, böyük müharibənin qarşısını almaq niyyətindədir. Bir müddət əvvəl Rusiya Prezidentinin köməkçisi bildirimişdi ki, Putin yeni seçilmiş İran prezidenti ilə görüşmək istəyir. Rusiya İranla strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazırlaşır. Bu baxımdan Şoyqunun İranda keçirdiyi görüşlər də çox diqqətçəkən idi".
Arzu Nağıyev
© Sputnik / Murad Orujov
Arzu Nağıyevin sözlərinə görə, Rusiya ümumən bölgədə gedən proseslərdə İranı həm də ayıltmağa çalışır: "Xüsusən də İran-Ermənistan sərhədlərində yerləşən Qərb, NATO qüvvələrinin onun maraqları üçün təhlükəsini qeyd edir. Ermənistan bu gün KTMT-də fəaliyyətini dondursa da, təşkilatı tərk etməyib. Amma Qərblə hərbi müstəvidə hərbi əməkdaşlığını genişləndirib. Hansı ki, həmin o Qərb bu gün İsraillə istənilən hərbi toqquşmada İrana zərbə endirmək üçün hazır vəziyyətdədir. Tehranda isə erməni sevdalıları Azərbaycan İsrail əməkdaşlığından xoflanaraq düz yanlarında baş verənləri görməzdən gəlirlər. Şoyqunun İrana səfəri həm də Qərbə bir mesajdır".
"Rusiya TŞ katibinin Azərbaycana səfəri xeyli önəmli mətləbləri önə çıxardır. Bəli, bu həm də Azərbaycanın regional və qlobal müstəvidə önəminə vurğu edir. Azərbaycanla bu proseslərdə məsləhətləşmələrin aparılması labüddür. Ona görə də Şoyqu Azərbaycan Ali Baş Komandanı ilə görüşdü. Azərbaycan neytrallığını qoruyaraq sülhü təşviq edən ölkədir. Çünki hər hansı hərbi münaqişə Azərbaycanın maraqlarına cavab vermir. Regionumuzda baş verən hadisələr Azərbaycanda da diqqətlə izlənilir", - Arzu Nağıyev fikirlərini yekunlaşdırıb.