İQTİSADİYYAT

İqtisadi inkişaf üçün risk? Azərbaycanın ümumi dövlət borcu artacaq

Deputat Vüqar Bayramov bildirib ki, xarici borcun strukturuna diqqət yetirsək, xarici borcun yarıdan çoxu 5 ildən çox müddətə götürülən borclardır
Sputnik
BAKI, 6 avqust — Sputnik. 2025-ci ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcunun 5,2 milyard dollar, daxili dövlət borcunun isə 19,3 milyard manat olmaqla ümumi dövlət borcunun 28,1 milyard manat təşkil edəcəyi gözlənilir.
Bu barədə Maliyyə Nazirliyinin "Azərbaycanın 2024-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" adlı sənədində bildirilib. Sənədə əsasən, 2024-cü il iyulun 1-nə Azərbaycanın dövlət borcunun ümumi məbləği 25,6 milyard manat və ya ümumi daxili məhsulun (ÜDM-in) 21,2 faizini təşkil edib. Ümumi dövlət borcunun 35,5 faizi xarici dövlət borcunun, 64,5 faizi isə daxili dövlət borcunun payına düşür.
Qeyd edək ki, beləliklə, xarici dövlət borcunun azalacağı, daxili dövlət borcunun isə artacağı gözlənilir.
Məsələ ilə bağlı VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, ümumiyyətlə, Azərbaycanın xarici borcu ölkəmizin xarici borc strategiyasına uyğun olaraq formalaşır və dəyişikliklər də buna uyğunlaşdırılıb:
"Xarici borc xüsusən strateji istiqamətlər üzrə istifadə olunur. Azərbaycanda prioritet istiqamətlər üzrə daxili və xarici borclanma siyasəti həyata keçirilir".
"Daxili borclanmaya daha çox üstünlük verilib"
O bildirib ki, daxili borclanma daha dayanıqlıdır, çünki milli valyutadadır:
"Strukturdan da göründüyü kimi, məhz daxili borclanmaya daha çox üstünlük verilib. Borcun həm milli valyutada olması, həm də bu borcun qaytarılma mexanizmi iqtisadiyyat üçün hər hansı bir risk formalaşdırmır. Amma eyni zamanda xarici borcun strukturu da prkatiki olaraq risklərin kompensasiya edilməsi baxımından vacibdir. Xarici borcun strukturuna diqqət yetirsək, xarici borcun yarıdan çoxu 5 ildən çox müddətə götürülən borclardır. Yəni bu borcun qaytarılması uzunmüddətlidir".
"Hazırda Azərbaycanın daxili və xarici borcu iqtisadi inkişaf üçün hər hansı bir risk formalaşdırmır" - V.Bayramov diqqətə çatdırıb.
Dövlət borcu
Qeyd edək ki, Maliyyə Nazirliyinin sənədinə əsasən, 2024-cü il 1 iyul tarixinə xarici dövlət borcu 5,3 milyard dollar olub və ya ÜDM-in 7,5 faizini təşkil edib. 2024-cü il 1 yanvar tarixinə olan göstərici ilə müqayisədə xarici dövlət borcunun məbləği 16,9 faiz bəndi azalıb. 2024-cü il 1 iyul tarixinə daxili dövlət borcu 16,5 milyard manat və ya ÜDM-in 13,7 faizini təşkil edib. Daxili dövlət borcunun məbləği 2024-cü ilin əvvəli ilə müqayisədə 705,5 milyon manat artıb.
2025-ci ilin 1 yanvar tarixinə xarici dövlət borcunun:
-49,1 faizinin 5 ilədək,
-44,7 faizinin 5-10 il ərzində,
-6,2 faizinin isə 10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir.
Dövlət büdcəsinin xərcləri
Əlavə edək ki, sənədə əsasən, 2024-cü il dövlət büdcəsinin yenidən baxılmış xərclərinin 39,7 milyard manat səviyyəsində olacağı gözlənilir ki, bu da ilkin proqnoz göstəriciyə nisbətən 8,1 faiz çoxdur. Bütövlükdə yaradılmış 3,8 milyard manat məbləğində maliyyə resurslarının 1 milyard manatdan çoxu işğaldan azad olunmuş Qarabağ və Şərgi Zəngəzurda yenidənqurma işlərinin aparılmasına yönəldilməklə cari ildə Böyük Qayıdış Proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaitinin 5 milyard manata çatdırılması nəzərdə tutulub. Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması və maddi-texniki təminatın yaxşılaşdırılması üzrə xərclər əlavə olaraq 700 milyon manat artırılıb.