TƏHLİL

Qardaşla tərəfdaş arasında: Bakı qlobal qarşıdurmanı necə əngəlləmək istəyir?

İran Azərbaycanın sərhəd qonşusu, İsrail isə strateji tərəfdaşıdır. Bu iki ölkə arasında baş verəcək istənilən hərbi toqquşma rəsmi Bakının maraqlarına ziddir.
Sputnik
BAKI, 6 avqust — Sputnik. HƏMAS Siyasi Bürosunun lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi Yaxın Şərqdə gərginliyi pik həddə çatırıb. Rəsmi Tehran İsrailə cavab zərbəsi endirəcəyini və Haniyənin qisasını alacağını bəyan edib. İsrail İranın mümkün hücumuna hazırlıq görüb. İran-İsrail arasnda cərəyan edən gərginlik heç şübhəsiz həm qlobal, həm regional təhlükəsizliyi təhdid edən başlıca amildir. ABŞ artıq İsraili müdafiə etmək üçün səfərbər olub. Onun timasılanda digər Qərb ölkələri də İrana qarşı İsrailin yanında olduqlarının bəyan edirlər.
Xatırladaq ki, bir müddət əvvəl "The Jerusalem Post" qəzeti yazmışdı ki, Livanın Xarici İşlər Nazirliyinin rəhbəri Abdullah Bu Həbib İsrailin Xarici İşlər naziri İsrael Katsa İsraillə müharibə istəmədikləri barədə mesaj yollayıb. Mənbələr qeyd ediblər ki, Abdullah Bu Həbib iyulun 2-də Katzla danışıqlar aparan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov vasitəsilə öz mövqeyini çatdırıb.
Bu gün İsrail Qəzza ilə yanaşı Livan və Suriya ərazilərinə mütəmadi zərbələr endirir.
İran Azərbaycanın sərhəd qonşusu, İsrail isə strateji tərəfdaşıdır. Bu iki ölkə arasında baş verəcək istənilən hərbi toqquşma rəsmi Bakının da maraqlarına zidd görünür.
Görünən həm də odur ki, Azərbaycanın gərginliyi azaltmaqda vasitəçilik etmək üçün münbit şərait yoxdur. Ən azından tərəflər hələlik hərbi gücdən istifadə edərək bir-birinə dərs vermək istəyir.
Digər önəmli amil Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə bağlıdır. Rəsmi Ankara İsrailin regionda eskalasiya siyasətini sərt şəkildə tənqid edir. Hətta Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib ki, Türkiyə Qarabağa girdiyi kimi İsrailə də girə bilər. Ərdoğanın Qarabağda qazanılmış zəfəri bu cür təqdim etməsi Bakıda məmnununluqla qarşılanmayıb. Hökumət rəsmi olaraq bu fikrə münasibət bildirməsə də, özünə yaxın mətbuatda gedən yazılar bunu deməyə əsas verir.
Bütün bu baş verənlər Cənubi Qafqaz regionunu da təhdid etməyə bilməz. Mütəmadi olaraq Qərbin hərbi dəstəyini alan Ermənistan revanşist xəyallarını reallaşdırmaq üçün hərbi eskalasiyaya gedə bilər.
Bəs eksperlər nə deyir?
Politoloq Elşən Manafov deyir ki, gərginliyin artması dünyamız üçün böyük gərginlik yarada, daha böyük hərbi əməliyyatların başlamasına, qlobal güclərin bu müharibəyə qoşulmasına gətirib çıxara bilər:
"ABŞ-ın bu münaqişəyə qatılması ilə Rusiya və Çin, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatının digər üzv ölkələri kənarda müşahidəçi kimi qalmayacaqlar. Yəni, başa verəcəklərə təkcə regional maraqlar baxımından yox, ümumiyyətlə dünya nizamının pozula biləcəyi prizmasından baxmalıyıq. Bu mənada məlum regional qarşıdurmanın böyüyərək qlobal qarşıdurmaya çevrilmə ehtimalı var. Düşünürəm ki, İran rəsmiləri və İsrail də bunu gözəl başa düşür. Amma qeyd etməliyik ki, qarşıdurmanın hərbi fazaya keçməsi üçün rəsmi Təl-Əviv bəlli addımlar atır".
Politoloqun sözlərinə görə, HƏMAS liderinin Tehranda öldürülməsi İrana ismarıc və çağırış idi:
"Son baş verən artıq İranın şərəf işinə çevrilib ki, İsrailin bu hərəkətinə cavab versin. Digər tərəfdən bu, İranın dövlət təhlükəsizliyinə, suverenliyinə təhdiddir. Təəssüf ki, BMT buna susur. Artıq ABŞ gəmilirənin regiona gəlməsi də onların müvafiq addımlar atmağa hazırlaşdığını göstərir. Rəsmi Bakı bu məsələlərə yanaşmasında sakitliyini qoruyur. Digər amil Türkiyənin bu porseslərdə oynadığı roldur. Bu da Azərbaycan üçün önəmlidir. Bu baxımdan, Azərbaycanın baş verənlərdə ehtiyatlı mövqe tutması başa düşüləndir. Azərbaycan tərəflərin özü ilə birbaşa narazılığın yaranmasını istəmir. Digər tərəfdən İranla münasibətlərdəki gərginliyin aradan qaldırılmasından sonra Azərbaycanın bu ölkəyə qarşı addımlar atmayacağı da bəllidir. Düşünürəm ki, hazırda qardaş dövlət Türkiyənin İsraillə münasibətləri bizi daha çox narahat edir. Hökumətə yaxın mətbu dairələrdə Türkiyənin tənqid edilməsi isə təssüf doğurur".
Politoloq Türkiyə və İsrail arasında münasibətlərin gərgin olduğu bir şəraitdə Azərbaycanın tərəflər arasında vasitəçlik etmək üçün təşəbbüs göstərəciyini düşünmür:
"Görünür, rəsmi Bakı baş verənlər fonunda vasitəçilik etməyin mümkünsüz olduğunun mahiyyətinə varıb. Artıq ox kamandan çıxıb. Bütün dünya rəsmi Tehranın qəbul edəcəyi qərarı gözləyir".
VI çağırış Milli Məclisin deputatı olmuş Ceyhun Məmmədov isə bildirib ki, Azərbaycan hər zaman öz vasitəçilik rolunu tərəflərə təklif edib:
"Bu gün bizim vasitəçilik etmək imkanlarımız kifayət qədər yüksəkdir. Azərbaycan azsaylı ölkələrdəndir ki, bütün tərəflərlə əlaqəsi qaydasındadır. Hesab edirəm ki, Azərbaycan bu məsələdə öz rolunu oynaya bilər, amma bu tək bizdən asılı deyil. Əgər tərəflər normallaşmaya meylli olsa, Azərbaycan lazımı addımları ata bilər. Dünya dövlətləri sanki yeni münaqişələr yaratmaq üçün yarışırlar. Bu həqiqətən çox narahaedici məqamdır. Əgər regionda hərbi münqaişənin əhatə dairəsi genişlənsə, digər ölkələr də zərər çəkəcək".
Onun sözlərinə görə, baş verənlər bütün dünyaya ciddi şəkildə təsir göstərir. Ona görə də dövlətlər hərbi esakalasiyanın genişlənməsindən çəkinməlidirlər.
"Bugünkü dünyamızın daha çox əməkdaşlığa və birliyə ehtiyacı var. Biz müharibənin fəsadlarını görmüşük, ona görə də heç kimə yeni müharibə arzulamırıq", Ceyhun Məmmədov fikirlərini yekunlaşdırıb.