BAKI, 5 avqust — Sputnik. Yasamalda 165 nömrəli avtobusun sürücüsü nəqliyyat vasitəsini əl əyləci nasaz olmasına baxmayaraq, yol kənarında park etməyə cəhd göstərib.
Sürücü avtobusu tərk edəndən sonra o, özbaşına hərəkət etməyə başlayıb. Nəticədə zəncirvari qəza baş verib. Təxminən 22 avtomobilə zərər dəyib.
Qəza nəticəsində avtomobillərdən biri - "Toyota Camry" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
DYP-nin yaydığı məlumata görə, avtobus park edilmiş vəziyyətdə olub. Hansısa nasazlıq səbəbindən qəfil hərəkət etməyə başlayıb.
Əsəd Əhmədov küçəsində qeydə alınmış görüntülərdə avtobusun minik maşınları ilə toqquşduğu görünür. Şahidlərin bildirdiyinə görə təxminən 22 avtomobilə zərər dəyib. Hadisə zamanı 3 nəfər xəsarət alıb.
Ərazidə yaranmış xaotik vəziyyət polis əməkdaşları tərəfindən nizamlanıb və yolda hərəkət bərpa edilib. Faktla bağlı araşdırma aparılır.