BAKI, 5 avqust — Sputnik. Moskva Londonu Sautport şəhərindəki rəqs studiyasına hücuma görə Böyük Britaniyada başlayan kütləvi etirazlar zamanı zorakılıqdan çəkinməyə çağırır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Biz Londonu etirazçılara qarşı əsassız və qeyri-mütənasib zorakılıqdan çəkinməyə və Britaniya xalqının sərbəst toplaşmaq hüququna hörmət edilməsini təmin etməyə çağırırıq" - Rusiya Xarici İşlər Nazirliyinin "Teleqram" kanalında dərc olunan mesajda deyilib.
Xatırladaq ki, iyulun 29-da Sautportda bıçaqlı şəxs bir qrup şəxsə hücum edib. Nəticədə 3 uşaq dünyasını dəyişib. Daha bir neçə nəfər xəstəxanaya aparılıb.
Bundan sonra hücumçunun miqrant olması ilə bağlı məlumat sürətlə internetdə yayıldığı üçün İngiltərə şəhərlərində kütləvi etirazlar başlayıb.
Sonradan məlum olub ki, hücum edən şəxs Uelsdə ruandalı ailədə doğulub.
Bundan əvvəl İlon Mask Britaniyada kütləvi etirazlar fonunda vətəndaş müharibəsinin olacağını proqnozlaşdırmışdı.