BAKI, 5 avqust — Sputnik. İran Yaxın Şərqdə eskalasiyanı istəmir, lakin HƏMAS Siyasi Bürosunun lideri İsmayıl Haniyənin qətlinə görə İsraili cəzalandırmaq niyyətindədir. İran mətbuatının məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani keçirdiyi brifinqdə deyib.
O, İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasının keçiriləcəyini elan edib.
"İran BMT Nizamnaməsi və beynəlxalq hüquq çərçivəsində hərəkət edir və təcavüzkarı cəzalandırmaq və sionist rejimin təxribatlarına qarşı çəkindirmə sistemi yaratmaq üçün öz milli təhlükəsizliyini qoruyacaq. Haniyənin qətli beynəlxalq hüququn və beynəlxalq ictimaiyyətin hörmət etdiyi siyasi normaların kobud şəkildə pozulmasıdır" - XİN sözçüsü bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, Tehran milli təhlükəsizliyinə, dost və müttəfiqlərinin təhlükəsizliyinə, eləcə də regionun təhlükəsizliyinə biganə qala bilməz.
İyulun 31-də Fələstin HƏMAS hərəkatı hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına hücum nəticəsində öldüyünü elan edib. Hərəkat Haniyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb və hücumun cavabsız qalmayacağını bildirib. Pentaqon rəhbəri Lloyd Austin bildirib ki, HƏMAS Siyasi Büro rəhbərinin ölümü və İsrailin bu işə qarışması ilə bağlı deyəcək nəsə yoxdur. İsrail ordusunun nümayəndələri də öz növbəsində Haniyənin öldürülməsi ilə bağlı mediada yayılan xəbərlərə cavab vermədən imtina ediblər.