CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın dövlət qurumlarına kiberhücumlarla bağlı statistika açıqlandı

Kibertəhdidlərin 307-si daxili araşdırma, 316-sı isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Sputnik
BAKI, 5 avqust — Sputnik. Bu ilin yanvar-iyul aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 623 kiberhücum indikatoru (IOC) müəyyən edib.
XRİTDX-in məlumatları əsasında aparılan hesablamalara görə, bu, bir il əvvəlki göstəricidən 11 % azdır. Kibertəhdidlərin 307-si daxili araşdırma, 316-sı isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Təkcə iyul ayında 125 kiberhücum müəyyən olunub ki, bu da əvvəlki aya nisbətən 5 % azdır. Hesabat dövründə "AzStateNet" şəbəkəsi üzrə 507,840 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 2 milyon 647 min 900, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 163 min 313 zərərverici tərkibli elektron sənəd blok edilib.
06.06.24, 10:54
Azərbaycanda dövlət qurumlarına kiberhücumların sayı artıb
Azərbaycanda dövlət qurumlarına, özəl şirkətlərə və hətta ayrı-ayrı şəxslərə kiberhücumların sayı artıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş idarə rəisi Azər Əhədov Dövlət Qurumlarının İT rəhbərlərinin IV Zirvə Toplantısında bildirib.
Onun sözlərinə görə, bu vəziyyətdə, dövlətdən biznesə və vətəndaş cəmiyyətinə etibarlı və təhlükəsiz rəqəmsal ekosistem yaratmaq üçün qüvvələr birləşdirilməlidir.
"Texnologiyanın sürətli inkişafı dövründə kibertəhlükələr getdikcə daha mürəkkəb və geniş vüsət alır. Onlar haqqında dövlət qurumlarının, media subyektlərinin nümayəndələrinin və ictimaiyyətin məlumatlılığının artırılması eyni dərəcədə önəmlidir. Hər birimiz rəqəmsal dünyada hansı risklərin mövcud olduğunu, özümüzü və məlumatlarımızı necə qoruya biləcəyimizi başa düşməliyik. İlk növbədə dövlət qurumlarının kibersavadlılığının artırılması uğurlu hücumların sayını əhəmiyyətli dərəcədə azaltmağa və ümumi təhlükəsizliyi gücləndirməyə kömək edəcək" - o qeyd edib.
31.01.24, 11:54
Daxili İşlər Nazirliyi kiberhücumlarla bağlı əhaliyə xəbərdarlıq edib
Daxili İşlər Nazirliyi kibercinayətkarlıqla bağlı vətəndaşlara müraciət edib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, müraciətdə deyilir:
"Kibercinayətkarlıqlarla üzləşməmək üçün vətəndaşlarımızı aşağıda qeyd edilənlərə riayət etməyə, internet resurslarında ayıq-sayıq olmağa çağırırıq.
- Mobil və şəhər nömrələrindən zəng edən şəxslərə bank kartlarınızdakı məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu ("3D secure") təqdim etməyin. Hətta bu bank əməkdaşı olsa belə;
- Sosial media və elan saytları üzərindən satışa çıxardığınız məhsulları guya almaq məqsədilə özünün ölkədə olmadığını, həmçinin uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini bildirən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin;
- İşə qəbul olunmağınızı əsas gətirərək guya "sağlamlıq haqqında arayış" üçün əvvəlcədən hansısa məbləğ tələb edən şəxslərə ödəniş etməyin;
- "Yüksək gəlirli onlayn iş imkanı" kimi zahirən cazibədar, sadə tapşırıqlar qarşılığında yüksək ödəniş vədlərinə etibar etməyin. Saxta sayt və ya hesablar üzərindən göndərilən iş təkliflərinə inanmayın. Üzvlük və ya başlanğıc üçün ödəniş etməyin;
- Xarici nömrələrdən, həmçinin virtual nömrələrdən zəng edən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin;
- Alqı-satqı saytlarında hər hansı bir mənzili, avtomobili (telefon, geyim əşyaları, mebel və s.) dəyərindən çox aşağı qiymətə elana qoyan şəxslərə alacağınız əmlaka və məhsula baxış keçirmədən beh verməyin;
- Sosial şəbəkələrdə keçirilən yarışların qalibi olduğunuz, o cümlədən hədiyyə qazanmağınız barədə mesaj alsanız hədiyyənin çatdırılması (karqo) üçün ödəniş etməyin;
- "Haker", "baxıcı", "faizə pul", "profillərin izlənilməsi" və bu kimi digər səhifələrə müraciət etməyin, hesablarına pul köçürməyin;
- Saytların domen adlarına diqqət edin. Məşhur şirkətlərin domen adlarına bənzər fişinq məqsədləri üçün yaradılmış saytlara qarşı diqqətli olun;
- Sosial şəbəkələrdəki tanımadığınız, etibar etmədiyiniz səhifələrdən alış-veriş etməyin".
Göstərilən hallarla rastlaşdıqda şübhəli linklərə daxil olmamaq, yönləndirilən saxta veb səhifələri açmamaq, orada ödəniş etməmək, dərhal DİN-in "102" Xidmətinə və Nazirliyin sosial şəbəkə hesablarına müraciət etmək tövsiyə olunur.