BAKI, 4 avqust — Sputnik. Azərbaycanda yüz yaşı olan insanların sayı bir qədər azalıb. Belə ki, son bir neçə ay ərzində 100 və daha çox yaşı olanların sayı 280 nəfərdən 270 nəfərə enib. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun məlumatlarında deyilir.
Fonddan verilən məlumata görə, onlardan 36-sı kişi, 234-ü qadındır.
Azərbaycan həmişə uzunömürlüləri ilə məşhur olub. Bu günlərdə respublikada 90 yaşdan yuxarı insanların sayının digər ərazilərə nisbətən daha çox olduğu daha bir zona aşkar edilib. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2021-ci ilin sonundan başlayaraq ölkədə orta ömür uzunluğu 73,6 yaş təşkil edir.
Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunun direktoru Ulduz Həşimovanın daha əvvəl "Sputnik Azərbaycan"a verdiyi məlumata görə, respublikada uzunömürlülüyün təbii mərkəzlərinin tarixən inkişaf etdiyi ərazilər - yerli "mavi zonalar" adlanan ərazilər var. Retrospektiv təhlil aparılıb və məlum olub ki, cənub rayonları - Talış dağları zonası uzunömürlülərin ənənəvi yaşayış yeridir. Ancaq onların yaşı ilə bağlı təsdiqlənmiş məlumatları nəzərə almaq lazımdır.
Mütəxəssis qeyd edib ki, Talış dağlarının ərazisi təbii ki, uzunömürlülər zonasıdır, lakin Qarabağda daha yüksək uzunömürlülük indeksi nəzərə çarpıb. Bu göstərici yaşı 90-dan yuxarı olanların yaşı 60-dan yuxarı əhaliyə nisbəti əsasında hesablanır.
Talış meşələrinin gecikən qızıl payızı
© Sputnik / Rahim Muradov
U.Həşimovanın sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, Qafqazda ən yüksək uzunömürlülük göstəricisi Qarabağdan olanlar arasında qeydə alınıb. Bu kəşf alimlər üçün gözlənilməz olub, çünki əvvəllər Lerik rayonu həmişə öndə gedib.
"Biz 2016-cı il əhalinin siyahıya alınmasına əsaslanaraq Azərbaycanın uzunömürlülər xəritəsini tərtib etdik. Nəticə olaraq müəyyən etdik ki, Qarabağ, Şuşa və yaxınlıqdakı rayonlarda uzunömürlülük indeksi ən yüksəkdir. Üstəlik, siyahıyaalma gedərkən bu ərazilər hələ işğal altında idi, bu insanların yaşı köçürülmüş şəxslərin müvəqqəti yaşayış yeri üzrə qeydiyyata alınırdı. Təsəvvür edin ki, onlar 30 il ərzində heç nəyə baxmayaraq, təbii uzunömürlülük potensialını qoruyub saxlayıblar ki, bu da çox önəmlidir", – Həşimova qeyd edib.
İnstitut direktoru onu da vurğulayıb ki, Azərbaycanda İsmayıllı və Qazaxda yerləşən başqa "mavi zonalar" da var.
Uzunömürlülük fenomeninin səbəbi nədir? Burada bir sıra amillər rol oynayır. Fərdi səviyyədə genetika böyük rol oynayır. Baxmayaraq ki, gerontoloqlar insanın uzunömürlülüyünün sirrinin yalnız 25%-nin genetik faktordan, qalanının isə həyat tərzi, qidalanma, ətraf mühit, demoqrafik faktorlar və s. asılı olduğunu deyirlər. Uzunömürlü Azərbaycan əhalisi üçün genetik amil daha mühüm rol oynayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.