BAKI, 29 iyul — Sputnik. Qida zəhərlənmələrinə əsasən qida məhsulları ilə düzgün davranmamaq, qidaların saxlanma və emal qaydalarına əməl etməmək səbəb olur.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildiriblər ki, ev (məişət) şəraitində qida hazırlayarkən qida mənşəli xəstəliklərin qarşısını almaq, eləcə də zəhərlənmə təhlükəsini aradan qaldırmaq üçün müəyyən qaydalara diqqət edilməlidir:
Yeməkləri, xüsusilə də ət yeməklərini bişirərkən tam bişdiyindən əmin olmaq;
Çiy ət, toyuq, balıq, yumurta və digər çiy istehlak edilməyən qidaların bişmiş qidalarla təmasına yol verməmək;
Botulizm riskini nəzərə alaraq, ev şəraitində turşu hazırlayarkən məhsulların çox yaxşı yuyulması və sterilizasiyasına xüsusi diqqət yetirmək;
Həyətyanı sahələrdən tanınmayan göbələkləri yığmamaq və istehlak etməmək;
Yeməyi bişirdikdən sonra yalnız bir dəfə qızdırmaq və ya dondurmaq.
Kliniki Tibbi Mərkəz
© Sputnik / Nigar Iskanderova
Xatıaladaq ki, 2024-cü il iyul ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 74 nəfər qəbul edilib. Mərkəzin Mətbuat xidmətindən məlumat verilib ki, şöbəyə qəbul edilən xəstələrdən 32 nəfər dərmandan, 22-si sirkə turşusundan, ikisi kimyəvi maddələrdən, ikisi fosfor üzvi birləşmələrdən, bir nəfər qidadan zəhərlənən şəxslərdir.
Həmçinin yeddi nəfər allergik reaksiya, altı nəfər ilan sancması, iki nəfər anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.
"Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən beşi (dörd nəfər kişi cinsli, bir nəfər qadın cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb", - məlumatda qeyd edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.