RUSİYA

Zaxarova: Fransa antixristian dövlətinə çevrilib

Olimpiadanın açılış mərasimində xristianlığın ictimai şəkildə təhqir edilməsi, Zaxarovanın fikrincə, Fransanın özünü məhv etməsinin məntiqi davamı olub.
Sputnik
BAKI, 3 avqust — Sputnik. Parisdə Olimpiadanın açılış mərasimi "ən xristian" xalqdan antixristian dövlətə çevrilmiş Fransanın davam edən daxili böhranını nümayiş etdirib.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Özünün "Telegram" kanalında Zaxarova xatırladıb ki, Fransanın Merovinqlər və Karolinqlər sülalələrinin kralları "ən xristian" kimi tanınıblar və fransız xalqı hətta Reformasiya dövründə də Papaya sadiq qalıb. O, hətta Napoleonun da xristian adət-ənənələrini qorumağa çalışaraq Papanın əlindən tacı qəbul etdiyini vurğulayıb.
Zaxarova qeyd edib ki, Fransanın dünyəvi lideri olan general de Qoll xristianlığa böyük əhəmiyyət verib. Belə ki, de Qoll üç pontifiklə görüşüb və Papa İoann XXIII ilə 20-ci əsrdə xristianlığın başına gələn sınaqları müzakirə edib. Diplomatın fikrincə, de Qoll 21-ci əsrdə Fransanı nələr gözlədiyini bilsəydi, ölkənin şərəfini ayaqlar altına atanları mühakimə edərdi.
Olimpiadanın açılış mərasimində xristianlığın ictimai şəkildə təhqir edilməsi, Zaxarovanın fikrincə, Fransanın özünü məhv etməsinin məntiqi davamı olub. O, əlavə edib ki, bir vaxtlar "ən xristian" xalq kiçik və tanrısız dövlətə çevrilib.
Bir müddət əvvəl Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov Parisdə transseksualların Məsihin ən yaxın 12 şagirdi ilə sonuncu yeməyi səhnəsini canlandırdığı Yay Oyunlarının açılış mərasimini "şeytani məclis" və "İncilin ələ salınması" adlandırmışdı".