BAKI, 2 avqust — Sputnik. Ukrayna bir çox beynəlxalq müqavilələrdən çıxmaq qərarına gəlib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "RİA Novosti" ilə söhbətində bu vəziyyəti şərh edib.
Onun sözlərinə görə, ümumilikdə MDB İcraiyyə Komitəsi Kiyev rejiminin 134 sazişdən çıxması barədə məlumat alıb. Zaxarova vurğulayıb ki, bu fakt öz vətəndaşlarının qayğısına qalan və müxtəlif sahələrdə əməkdaşlığa hazır olan ölkələr arasında MDB platformasında qarşılıqlı əlaqələrin inkişafına heç bir şəkildə təsir göstərməyəcək.
Diplomat qeyd edib ki, sazişlərdən çıxmaq qərarı Ukraynanın özünün işidir. Lakin bu cür hərəkətlər Ukrayna xalqına ziyan vurur.
"Axı, MDB insanların ehtiyaclarına yönəlmiş və həyati vacib sahələrdə əməkdaşlığı təşviq edən formatdır" - Zaxarova qeyd edib.
Bundan əvvəl Kiyev rejiminin Ukraynanın MDB ölkələrinə olan borclarını ödəməkdən imtina etdiyi bildirilirdi. Bir ölkə Birliyi tərk edərsə, ondan borclarını ödəməsi tələb olunmayacaq.