Ekspert: "Azərbaycanda 10 faizədək inflyasiya qəbul ediləndir"
İqtisadçı bildirib ki, Azərbaycanda inflyasiyanın məqbul səviyyədə saxlanılması üçün tədbirlər davam etdirilir. Cari ilin yanvar-iyun aylarında inflyasiya azalmaqda davam edib, orta illik inflyasiya 0,7 faiz səviyyəsində olub.
SputnikBAKI, 2 avqust — Sputnik. Maliyyə Nazirliyi bu il üçün Azərbaycanda orta illik inflyasiya proqnozunu iki dəfə azaldıb. Belə ki, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya üzrə ilkin proqnoz 5,3 faiz səviyyəsində nəzərdə tutulsa da, yenidən baxılma ilə inflyasiya proqnozu 2,7 faizə qədər azaldılıb. Bu barədə Maliyyə Nazirliyinin "Azərbaycanın 2024-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" adlı sənədində deyilir.
Məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli Sputnik Azərbaycan-a deyib ki, bu il Azərbaycanda keçiriləcək COP29-la əlaqədar nisbətən xərclərimiz arta və bu, inflyasiyaya təsir edə bilər:
"Lakin "Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan Mərkəzi Bankına tövsiyə edib ki, uçot dərəcəsini aşağı salmasın və bu, əks halda inflyasiyaya təsir edə bilər. Mərkəzi Bank inflyasiyanın artmaması üçün müvafiq tədbirlər görəcək. Ümumiyyətlə, müvafiq qurumlar tərəfindən Azərbaycanda inflyasiyanın məqbul səviyyədə saxlanılması üçün tədbirlər davam etdirilir. 2024-cü ilin yanvar-iyun aylarında inflyasiya tempi azalmaqda davam edib, orta illik inflyasiya 0,7 faiz səviyyəsində qərarlaşıb. Maliyyə Nazirliyi də real vəziyyəti nəzərə alaraq orta illik inflyasiya proqnozunu dəyişib. Bəzən beynəlxalq təşkilatların proqnozları özünü doğrultmur, amma hökumətin proqnozları daha realdır".
"10 faizədək inflyasiya normaldır"
Ekspert bildirib ki, hazırda Azərbaycanda qeyri-neft sektoru inkişaf etməkdədir və ölkədə 10 faizədək inflyasiya qəbul ediləndir:
"Hava şəraitinin pis keçməsi ilə bağlı bu yay mövsümündə müəyyən meyvələrdə qiymət enməsinin o qədər də olmaması, bir sıra xidmətlər üzrə qiymətlərin bahalaşması şəraitində inflyasiyanı saxlamaq bir az çətin olacaq. Lakin inflyasiya olmadan iqtisadiyyat olmaz və bu inflyasiya iqtisadi artımı, ixracatı stimullaşdırır. Ümumilikdə isə 10 faizədək inflyasiya normal səviyyədir".
Qeyd edək ki, Mərkəzi Bankın məlumatına əsasən, inflyasiyanın xarici fonu ümumilikdə sabitdir:
"Bununla belə əvvəlki aylarda müşahidə edilən davamlı qiymət azalması dayanıb və bəzi məhsullar üzrə qiymət artımı müşahidə edilib. 2024-cü ilin 6 ayında manatın nominal effektiv məzənnəsinin bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib. Tədiyə balansının başlıca komponenti olan xarici ticarət balansında 2024-cü ilin 6 ayında 4 milyard dollar məbləğində müsbət saldo qeydə alınıb. Bu dövrdə ölkənin strateji valyuta ehtiyatları 1,8 faiz artaraq 69,7 milyard dollar olub".
İnflyasiyanı artıra biləcək risklər nələrdir?
Mərkəzi Bankın məlumatına əsasən, tərəfdaş ölkələrdə inflyasiyanın və dünya bazarında əmtəə qiymətlərinin dəyişkənliyi başlıca xarici inflyasiya riski hesab olunmaqdadır:
"İnflyasiyanı artıra biləcək daxili risk amillərinə isə xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı aiddir. İlkin qiymətləndirmələrə görə 2024-cü ilin dövlət büdcəsinə edilən dürüstləşmə nəticəsində xərclərin artımının əhəmiyyətli inflyasiya təzyiqi yaradacağı gözlənilmir. Bununla belə ortamüddətli dövrdə büdcə xərclərinin və kredit qoyuluşlarının inflyasiyaya təsirləri xüsusi diqqətdə saxlanılır. Ümumilikdə, mövcud monetar şərtlər inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib. Tənzimlənən qiymətlərdə artımın inflyasiya proqnozuna birbaşa və dolayı artırıcı təsiri 1,5 faiz bəndi gözlənilir ki, bunun da 1 faiz bəndi 2024-cü ildə reallaşa bilər".
"İnflyasiya və Qiymət Monitorinqi" üzrə İşçi Qrupun iclası keçirilib
Xatırladaq ki, iyulun 30-da "İnflyasiya və Qiymət Monitorinqi" üzrə İşçi Qrupun iclası keçirilib. Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, iclasda cari ildə ölkədə istehlak bazarında qiymətlərin dəyişməsi, hökumətin antiinflyasiya tədbirləri, habelə ötən iclasda aidiyyəti qurumlara verilmiş tapşırıqların icrası ətraflı müzakirə olunub.
"İnflyasiya minimal səviyyədə qorunub saxlanılıb"
İclasda xarici amillərin, habelə ərzaq bazarında idxal olunan məhsulların qiymət indekslərindəki dəyişmələr və ölkədə həyata keçirilən antiinflyasiya tədbirləri nəticəsində Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2023-cü ildə birrəqəmli inflyasiya hədəfinə nail olunmaqla yanaşı, cari ilin ötən dövrü ərzində də inflyasiyanın minimal səviyyədə qorunub saxlanıldığı qeyd edilib. Bildirilib ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyununda orta illik inflyasiya 0,7 faiz olub.
Qeyd edilib ki, tədiyə balansının profisitli olması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyib. Valyuta bazarında tarazlığın qorunması inflyasiya idxalının məhdudlaşmasında xüsusi rol oynayıb.
"Qiymətlərin monitorinqi davam etdiriləcək"
İclasda daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması, qiymətlərin monitorinqi, inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyədə saxlanılması istiqamətində zəruri işlərin davam etdiriləcəyi bildirilib. Ötən müddət ərzində qanunvericilikdə rəqabət məsələləri, dərman vasitələri bazarı və s. istiqamətdə həyata keçirilən təkmilləşdirmələrin bu proseslərə müsbət təkan verəcəyi vurğulanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.