BAKI, 1 avqust — Sputnik. Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Vatikanın dövlət katibi Pietro Parolinonun Kiyevə səfərini RİA Novosti-yə şərh edib.
Diplomat qeyd edib ki, Parolinonun səsləndirdiyi tezislər Vatikanın vasitəçilik xəttinə uyğundur.
"Roma Katolik Kilsəsinin iyerarxiyasında dövlət katibinin simasının əhəmiyyətini nəzərə alaraq, təbii ki, biz onun açıqlamalarına ciddiyyətlə yanaşırıq. Vatikanla dialoq davam edir. Ölkəmiz Rusiyanın məlum maraqları və mövcud reallıqlar nəzərə alınmaqla Ukrayna böhranının sülh yolu ilə həllinə yardım etməyə çalışan hər kəslə qarşılıqlı fəaliyyətə hazırıq", - XİN nümayəndəsi əlavə edib.
Vatikanın dövlət katibi iyulun 22-də Kiyevə səfər edib. Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, danışıqlar zamanı tərəflər birinci sülh sammitinin qərarlarına və Vatikanın Ukrayna üçün ədalətli və davamlı sülhün bərqərar olunmasındakı roluna xüsusi diqqət yetiriblər.
Mariya Zaxarovanın verdiyi məlumata görə, Pietro Parolinonun Rusiyaya səfəri ilə bağlı heç bir rəsmi müraciət olmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.