BAKI, 1 avqust — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın inaqurasiya mərasimində iştirak etmək üçün bu ölkəyə səfər edib. Paşinyan İranda önəmli görüşlər keçirib. Xüsusən də onun İranın Ali Rəhbəri Əli Xamanei ilə görüşündə səsləndirilən fikirlər diqqəçəkən oldu.
Xamenei Ermənistanın ərazi bütövlüyünün vacibliyini vurğulayaraq qeyd edib ki, Ermənistan-İran münasibətləri digər ölkələrin siyasətindən asılı olmayaraq, qarşılıqlı maraqlar əsasında inkişaf edəcək. İranın Ali rəhbəri hələ də "Zəngəzur dəhlizi" ideyasının Ermənistanın maraqlarına cavab vermədiyi qənaətində olduğunu bildirib.
İran Ali rəhbərinin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Azərbaycan ictimaiyyəti üçün yeni və gözlənilməz deyildi. Ali Rəhbər həm də İranın türk əslilli yeni prezidentinin dönəmində İranın xarici siyasət kursunun necə olacağını ifadə etmiş oldu. Yəni, hər şey Ali rəhbərin nəzarətindədir.
Üzünü gah Şərqə, gah da Qərbə tutan Paşinyan Ali rəhbərin fikirlərindən aldığı cəsarətlə bildirib ki, ölkəsinin daxilindən keçən heç bir transregional marşrutu qəbul etmir. Paşinyanın dediklərinin ölkəsinə nələrə başa gəldiyini 4 il əvvələ nəzər salanda görə bilərik. Hər kəsə aydındır ki, əsas olan Paşinyanın dedikləri yox, Ermənistan hökumət başçısına bu cəsarəti verənlərdir. Bu gün Yaxın Şərqi bürüyən od-alovdan göz-gözü görmür. Sular o qədər bulanıqdır ki, Ermənistan Baş naziri bu vəziyyətdən qazanclı çıxmaq istəyir.
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Sputnik Azərbaycan-a bildirib ki, İran hakimiyyəti Zəngəzur məsələsini qırmızı xətt hesab edir: "İran hesab edir ki, Zəngəzur yolunun açılması Ermənistanın ərazi bütövlüyünün pozulmasıdır. Amma Tehran hakimiyyəti Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2020-ci 10 noyabr bəyatında kommunikasiyaların açılması ilə bağlı müddəasını görməzdən gəlir. Onun digər detalları isə regionda baş verən hadisələrlə bağlıdır. Tehran hakimiyyəti hesab edir ki, Zəngəzur yolundan Qərb və NATO istifadə edəcək. Bu baxımdan Zəngəzur dəhlizini öz maraqları üçün təhlükə hesab edir".
Siyasi analitik xatırladıb ki, İranın keçmiş prezidenti Həsən Ruhani də bu fikirdə idi: "O da deyirdi ki, bu yol NATO-nun hərəkətini asanlaşdıracaq. Ona görə də Tehran hakimiyyəti NATO-nun bu yoldan istifadə edərək Mərkəzi Asiyaya keçməsindən narahatdır. İran vaxtilə Ermənistandan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Zəngəzur dəhlizinin açılması Ermənistanın İrandan asılılığını minimuma endirəcək. Ermənistan bu yol vasitəsilə Asiya və Avropa ilə rahatlıqla əlaqələr qura biləcək. Ona görə də Ermənistanı bu yoldan çəkindirmək istəyirlər".
"İran indi regionda varlığını, gücünü göstərmək üçün Ermənistan alət kimi istifadə edir. Hesab edirlər ki, Ermənistanda Rusiyanın rolu azalacaq, o halda bu ölkə İrana meyllənə və onlar da öz növbəsində Rusiyanı əvəz edə bilərlər. Qərb də Paşinyanın Rusiyaya neqativ münasibətini bildiyindən, onun Tehranla münasibətlərini görməzdən gəlir, hətta bəzi hallarda dəstəkləyir", - S.Soltan qeyd edib.