İQTİSADİYYAT

Qeydiyyata alınmayan yemlərin ölkədə dövriyyəsinə icazə verilməyəcək - Xəbərdarlıq

AQTA tərəfindən əhalinin həyat və sağlamlığının yüksək səviyyədə təmin olunması məqsədilə istər yerli, istərsə də idxal edilən, qanunvericiliyin tələblərinə uyğun olmayan yem əlavələri və yem məhsullarının ölkədə dövriyyəsinə icazə verilməyəcək.
Sputnik
BAKI, 1 avqust — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) yem məhsulları və yem əlavələri idxal və istehsal edən sahibkarlarla görüş olub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, tədbir Azərbaycana yem məhsulları və yem əlavələrinin idxalı və istehsalı sahəsindəki vəziyyəti bir daha nəzərdən keçirmək, sahibkarlarla əməkdaşlığı daha da genişləndirmək, onları mövcud qanunvericilik və tələblər barədə məlumatlandırmaq, xidmətlərinin beynəlxalq tələblərə uyğun təşkilinə metodiki kömək göstərmək, həmçinin təklifləri dinləmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə keçirilib.
Görüşdə bildirilib ki, qanunvericiliyə əsasən qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə yem məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən, o cümlədən tərkibində yem əlavələri və insan istehlakı üçün nəzərdə tutulmayan heyvan mənşəli sub məhsullar olan yem məhsulları və yem əlavələri istehsal edən müəssisələr təsdiq olunmalıdır.
AQTA laboratoriyası, arxiv
Həmçinin Azərbaycan ərazisində istehsal və emal edilməmişdən, dövriyyəyə buraxılmamışdan əvvəl tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan yem məhsulları və yem əlavələri həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, təhlükəsizliyinin və minimum keyfiyyətinin, etiketlənmə və qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunun müəyyən edilməsi üçün tədqiqi (sınağı) aparılır və məhsulların xüsusiyyətlərindən asılı olaraq qeydiyyata alınır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən həmin məhsulların qeydiyyatı prosesi Agentlik tərəfindən həyata keçirilir.
Görüş zamanı bir daha qeyd edilib ki, AQTA tərəfindən əhalinin həyat və sağlamlığının yüksək səviyyədə təmin olunması məqsədilə istər yerli, istərsə də idxal edilən, qanunvericiliyin tələblərinə uyğun olmayan yem əlavələri və yem məhsullarının ölkədə dövriyyəsinə icazə verilməyəcək. Eyni zamanda qanunvericiliklə dövlət qeydiyyatına alınmamış yem əlavələri və yem məhsullarının istehsalı, emalı və dövriyyəsinin ölkə ərazisində qadağan olduğu nəzərə çatdırılıb.
Görüşdə sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və qarşıda duran məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib.
AQTA ölkəyə yem idxal etmək istəyən sahibkarlara xəbərdarlıq edib
Qeyd edək ki, AQTA-nın bundan öncə yaydığı məlumatda bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli Qərarı qüvvəyə mindiyi gündən etibarən ölkə ərazisində yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının və yem əlavələrinin qeydiyyatı prosesi həyata keçirilir.
"Qida təhlükəsizliyi haqqında" qanuna uyğun olaraq aparılan prosesdə məqsəd ölkə ərazisində dövriyyəyə buraxılmadan əvvəl həmin məhsulların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, eləcə də təhlükəsizliyinin və minimum keyfiyyətinin, etiketlənmə və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunun müəyyən edilməsidir.
Agentlik bu cür yem məhsullarının idxalını həyata keçirmək istəyən sahibkarlara xəbərdarlıq edir ki, ölkəmizdə qeydiyyatı tələb olunan, lakin qeydiyyata alınmamış məhsulların dövriyyəsi qadağandır. Qanunvericiliyin tələblərinə uyğun olmayan yem məhsulları və yem əlavələrinin ölkəmizə idxalına Agentlik tərəfindən icazə verilməyəcək. Tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan yem məhsullarının, həmçinin yem əlavələrinin idxalını həyata keçirmək istəyən sahibkarlar qeydiyyat üçün Agentliyə ərizə və qərarda nəzərdə tutulan müvafiq sənədlərlə müraciət etməlidirlər.
Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarların nəzərinə çatdırır ki, qeydiyyata alınan həmin yem məhsulları və yem əlavələri Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan zaman məhsullar üzərində dövlət nəzarəti, sənəd nəzarəti, eynilik və fiziki nəzarəti həyata keçirilir. İdxal olunmuş yem məhsulu qida təhlükəsizliyi sahəsində tələblərə cavab verdikdə, AQTA tərəfindən idxal sağlamlıq aktı tərtib edilir ki, bu da idxalatçıya məhsul üzərində sərəncam vermək hüququ yaradır. Aparılan nəzarət tədbirləri nəticəsində həmin yem məhsulları qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə cavab vermədikdə və təhlükəli hesab edildikdə, Agentlik tərəfindən həmin yem məhsulunun utilizasiyası, Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi haqqında qərar qəbul edilir.
Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) açıqlaması
Xatırladaq ki, bundan öncə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası məlumat yaymışdı ki, Azərbaycan quşçuluq təsərrüfatları ölkənin ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayır:

"Əhalinin qida rasionunda kifayət qədər yüksək paya malik yumurta və toyuq əti istehsalında davamlı artımı təmin etmək üçün quşçuluq təsərrüfatları investisiyaları artırmalı, müasir texnologiyaların tətbiqini genişləndirməlidirlər. Lakin hazırda bir sıra ciddi problemlər təsərrüfatların bu fəaliyyətləri icra etməsinə imkan vermir. Bu problemlər ən qısa müddətdə həllini tapmazsa, ölkəmizdə ərzaqlıq yumurta və toyuq əti istehsalında tənəzzül qaçılmaz olacaq. Bu isə qiymətlərin bahalaşmasına, hər iki məhsullar təminatda idxaldan asılılığın yaranmasına gətirib çıxaracaq".

"Belə ki, quşçuluq sahəsində istehsal prosesi üçün həyati əhəmiyyət kəsb edən yem və yem qatqıları, preparatlar demək olar ki, bütünlüklə xaricdən idxal olunur. Uzun illərdir Azərbaycan quşçuluq təsərrüfatları bu məhsulları Çinin dünyada tanınan şirkətlərindən alırlar. Son altı ayda Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyi "Qida təhlükəsizliyi haqqında" qanuna istinad etməklə, təsərrüfatların xaricdən aldığı külli miqdarda yem əlavəsini istehsalçı şirkətin qeydiyyatı olmadığını əsas gətirib sərhəddən ölkəyə buraxmır...", - məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, AQTA tələb edir ki, ya alınan maddələrin istehsalçıları Azərbaycanda qeydiyyatdan keçsin, ya da təsərrüfatlar qeydiyyatı tələb olunmayan şirkətlərin məhsullarını alıb gətirsinlər. Əvvəla, qeydiyyat üçün ödəniləcək rüsum çox yüksəkdir və onu ödəyən şirkət xərcini bizə satdığı məhsulu bahalaşdırmaqla çıxaracaq. Yəni faktiki olaraq bu məbləği biz ödəyəcəyik:

"İkincisi, şirkətlərin qeydiyyatını gözləyənə, yaxud yeni məhsulu tapıb, müqavilə bağlayıb alıb gətirənə qədər azı 2 ay vaxt keçəcək. Hətta bu zaman da onların ölkəyə buraxılacağına təminat yoxdur. Üstəlik, bu uzun müddətdə təsərrüfatlar quşlara zəruri qatqıları verə bilməyəcəklər ki, bu da istehsalda fasilənin yaranmasına, həcmin azalmasına və ölkə bazarında həm yumurta, həm də toyuq əti qıtlığına səbəb olacaq. Bütün bunları nəzərə alaraq, quşçuluq təsərrüfatları istehsalda fasilə yaranmaması üçün AQTA-nın idxalına icazə vermiş olduğu maddələrin ölkəyə buraxılmasını və istehsalçılara çatdırılmasını təklif edir. Bu, təsərrüfatlara zərər vurmadan AQTA-nın irəli sürdüyü tələblərə uyğunlaşmanı təmin edə bilər".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.