SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mişelin gizli məktubu: Aİ sülh danışıqlarında moderatorluğu niyə ələ almaq istəyir

Politoloqun qənaətinə görə, Avropa İttifaqı Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın suverenliyi ilə bağlı amilləri qabardaraq Orta Dəhlizdən Rusiyanın mənfəət götürməsinə qarşı çıxır.
Sputnik
BAKI, 1 avqust — Sputnik. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinə məktub yazıb. Mişel məktubunda liderləri danışıqlar masasına qayıtmağa və "sülh sazişini tamamlamağa" çağırıb. O, sərhədlərin delimitasiyası kimi əsas məsələlərdə irəliləyişin əldə olunmasının vacibliyini vurğulayıb.
Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel
İki yüksək çinli diplomat "Politico"ya təsdiqləyib ki, Mişel bu ayın əvvəlində Böyük Britaniyada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderləri ilə ikitərəfli görüşlər keçirib.
Mişelin bu təşəbbüsü Avropa İttifaqının sülh danışıqlarında yenidən aktiv rol almaq niyyətini ortaya qoyur.
Bəs Aİ-nin təşəbbüsünün arxasında hansı məqsədlər dayanır?
Mövzu ilə bağlı Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu və politoloq Elşən Manafov Sputnik Azərbaycan-a fikirlərini bölüşüblər.
Elşad Mirbəşiroğlu bildirib ki, hazırda Azərbaycanla Ermənistan arasında birbaşa müzakirələrin aparılması imkanları mövcuddur:
"Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümyəndəsi Elçin Əmirbəyov son açıqlamasında da bildirdi ki, tərəflər sülh sazişini yekunlaşdırmağa çox yaxındırlar. Məhz Azərbaycan Prezidentinin təşəbbüsləri regionda əməkdaşlığa və sabitliyə xidmət edir, regionumuzda təhlükəsizliyi təmin edir. Bütün bunları təmin etmək üçün normallaşdırma prosesində kənar müdaxilələrə imkan verilmir. Aydın görünür ki, Ermənistan rəhbərliyi və Qərb çalışır ki, hansısa razılaşma əldə olunacaqsa, bu Qərb platformasında əldə olunsun".
Elşad Mirbəşiroğlu
Professor qeyd edib ki, bu Qərbin prosesləri nəzarətdə saxlamaq istəyindən irəli gəlir:

"Qərbin bölgəmizdə geosiyasi maraqları var, ancaq bu regionumuza yaxşı heç nə vəd etmir. Şarl Mişelin təmsil etdiyi tərəf Ermənistanı hər vasitə ilə Azərbaycana qarşı revanşa hazırlayır. Qərb Ermənistana hərbi istiqamətdə dəstək verir, dinamik olaraq hərbi əməkdaşlıq genişləndirilir. Sözsüz ki bütün bunlar məsələnin görünən tərəfləridir. Ermənistanın son hərbi təxribatlarında Qərbdən olan təlimatçıların iştirakı ilə bağlı da iddialar var. Bəllidir ki, Qərb Ermənistanda özünün hərbi və siyasi mövcudluğunu təmin edib".

Elşad Mirbəşiroğlu hesab edir ki, Şarl Mişelin tərəflərə yenidən çağırış etməsi lüzumsuzdur:
"Çünki Azərbaycan və Ermənistan arasında sərhədinin 12 km-nin delimitasiya və demarkasiyası heç bir vasitəçi olmadan artıq aparılıb. Deməli, Qərb həqiqətən sülh istəyirsə, prosesdən kənarda durmalıdır ki, Azərbaycan və Ermənistan məsələlərini müzakirə etsin. Yoxsa, bu cür müdaxiələlər prosesi ləngitməyə hesablanıb. Uzun illərin təcrübəsi göstərir ki, vasitəçilər münaqişə vəziyyətinin aradan qaldırılmasını deyil, əksinə qalaraq idarə olunmasının şərtləndirmiş olub. Bu baxımdan Mişelin çağırışı da yaxşı məqamlara hesablanmayıb".
Politoloq Elşən Manafov isə deyir ki, Qərb Azərbaycan və Ermənistan arasında danışıqlarda Avropa İttifaqının təşəbbüsü ilə sənəd imzalanmasını istəyir:

"Aİ-nin mövqeyi birmənalı deyil. İttifaqın Sülh Fondu Ermənistan ordusuna 10 milyon vəsait ayırıb, Ermənistan sürətlə silahlandırılır. Aİ Ermənistanın militarizasiyasını dəstəkləyir. İttifaq Azərbaycanın maraqlarının təmin edəcək sülh mətninə etinasız yanaşır. Aİ-nin müstəqil siyasət yürütmək iqtidarında olmadığını bilirik. Ona görə ABŞ-ın ardınca Aİ də Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın suverenliyi ilə bağlı amilləri qabardaraq çıxış edir, Orta Dəhlizdən Rusiyanın mənfəət götürməsinə qarşı çıxır. Bütün bunlar bir daha göstərir ki, Aİ-nin sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüsü ABŞ-ın onlar qarşısına qoyduğu tələblərdən və öz geosiyasi maraqlarından irəli gəlir".

Elşən Manafov
Politoloq xatırladır ki, tərəflər arasında atəşkəs təşəbbüsü Aİ və ABŞ-ın deyil, Rusiyanın təşəbbüsü ilə baş tutub:
"Mən 2020-ci ilin 10 noyabr sazişini nəzərdə tuturam. Burada məqsəd Rusiyanın moderatorluğunu sıxışdırmaqdır. Rusiya XİN-in danışıqlar üçün təşəbbüslə çıxış etməsindən sonra Aİ belə bir müraciət etməyə ehtiyac duyub. Azərbaycan isə danışıqların vasitəçisiz aparılmasına tərəfdardır. Ermənistanın siyasi iradəsi yoxdur ki, Rusiyanın təkliflərinə cavab versin. Bölgə uğrunda geosiyasi mübarizə gedir. Aİ çalışır ki, tərəflər arasında danışıqlarda vasitəçi kimi çıxış edib bölgənin geosiyasi konfriqurasiyasını öz maraqlarına uyğunlaşdırsın. Bu baxımdan Mişelin müraciətinin arxasında Aİ-nin maraqları dayanır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
Rusiya XİN: "Ermənistana göstərdiyimiz qardaş dəstəyi bundan sonra da davam edəcək”