BAKI, 1 avqust — Sputnik. Azərbaycanla Ermənistan arasında görüşlər davam edir, münasibətlərin normallaşacağı təqdirdə bizim də ssenarimizi hazırlamağımız lazım olacaq.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Sabah" qəzetinə müsahibəsində deyib.
Nazir bildirib ki, hazırda münasibətlərin normallaşması istiqamətində fəaliyyətlər davam edir:
"Yekunda pozitiv ssenarini həyata keçirə bilərik, yəni Ermənsitanla sərhədi aça bilərik".
Xatırladaq ki, iyulun 30-da Türkiyə və Ermənistanın xüsusi nümayəndələri ilkin şərt olmadan ölkələr arasında münasibətlərin normallaşdırılması prosesini davam etdirmək və dəmir yolu keçid məntəqəsinin fəaliyyətinin bərpasını qiymətləndirməyə başlamaq barədə razılığa gəliblər.
Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan 2022-ci ildən bəri beşinci görüşü keçiriblər.
"Xüsusi Nümayəndələr Akyaka/Axurik dəmir yolu keçid məntəqəsinin fəaliyyətinin bərpası üçün zəruri olan texniki şərtləri regionda baş verən hadisələrə uyğun olaraq qiymətləndirmək və diplomatik pasport sahibləri üçün viza prosedurlarını sadələşdirmək barədə razılığa gəliblər", - məlumatda deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.