BAKI, 1 avqust - Sputnik. Bu ilin I yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (Xidmət) mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri 48 təşkilatda (nəzarət obyektləri) apardığı yoxlamalarla ümumilikdə 3 milyon 102 min manat artıq və əsassız ödənişlər aşkar edib. Bu barədə nazirliyin məlumatında deyilir.
Məlumata görə, yanvar-iyun aylarında Dövlət Xidmətinin fəaliyyətinin əsas hissəsini Baş Prokurorluqdan daxil olmuş məktub və qərarların icrası ilə əlaqədar nəzarət tədbirlərinin aparılması təşkil edib. Belə ki, Prokurorluq orqanlarının məktublarına və qərarlarına əsasən 23 təşkilatda yoxlamalar aparılmış, bu yoxlamalarla 1 milyon 990,8 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, yoxlama materialları nöqsanlara hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilib.
İş planına əsasən isə, Dövlət Xidməti 21 təşkilatda apardığı yoxlamalarla 1 milyon 106,8 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edib və bu məbləği təqsirkar şəxslərin tərəfindən bərpa etməsi təmin olunub.
Bundan başqa, Dövlət Xidməti vətəndaş müraciətlərinə əsasən 4 təşkilatda göstərilənləri yoxlayıb, cəmi 4,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyini aşkar edib və yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Baş Prokurorluğa göndərilib.
Yoxlamalar zamanı nəzarət obyektlərində, yoxlama materialları hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq mühafizə orqanlarına göndərilmiş nəzarət obyektləri istisna olmaqla, nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 27 nəfər vəzifəli şəxsə 26,8 min manat məbləğində cərimələr tətbiq edilmiş və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.
Boş ciblər
© Sputnik / Murad Orujov
Xidmət tərəfindən hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına məktublar göndərilib, müvafiq tövsiyələr verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.