BAKI, 31 iyul — Sputnik. Metronun "Koroğlu" stansiyası yanında yeni multimodal nəqliyyat mübadilə mərkəzi yaradılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidmətinin rəhbəri Tural Orucovun sözlərinə görə, mərkəzin yaradılmasında məqsəd sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının artırılması və rahat gediş-gəlişinin təmin edilməsi, eyni zamanda nəqliyyat sıxlığının azaldılmasıdır.
Multimodal mübadilə mərkəzində taksi minik avtomobilləri üçün də duracaq yaradılıb. Minik avtomobilləri üçün quraşdırılan yeni duracaq isə 200-ə yaxın avtomobilin parkinqi üçün nəzərdə tutulub. Eyni zamanda ərazidə elektrik mühərrikli avtobuslar üçün dolum məntəqələrinin quraşdırılması da planlaşdırılır.
İlkin mərhələdə nəqliyyat mübadilə mərkəzi ərazisində gün ərzində 15 müntəzəm marşrut xətti üzrə 200-ə yaxın avtobusun fəaliyyət göstərməsi nəzərdə tutulur.