DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə XİN: Ankara Haniyənin öldürülməsini pisləyir

İyulun 31-də Fələstinin HƏMAS hərəkatı Haniyənin İsrailin İran paytaxtındakı HƏMAS iqamətgahına endirdiyi zərbə nəticəsində öldüyünü bildirib.
Sputnik
BAKI, 31 iyul — Sputnik. Ankara Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İsrail tərəfindən öldürülməsini pisləyir və beynəlxalq ictimaiyyəti münaqişə regional xarakter almadan Təl-Əvivi dayandırmağa çağırır. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
İyulun 31-də Fələstinin HƏMAS hərəkatı Haniyənin İsrailin İran paytaxtındakı HƏMAS iqamətgahına endirdiyi zərbə nəticəsində öldüyünü bildirib. Hərəkatın bəyanatına görə, Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahına İsrailin "basqını" nəticəsində öldürülüb.
"Biz HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyənin Tehranda iyrənc qətlini pisləyirik. Bu, Netanyahu hökumətinin sülhə can atmamasının bir daha sübutudur. Bu hücumun məqsədi Qəzza zolağında müharibəni bütün regiona yaymaqdır. Əgər beynəlxalq ictimaiyyət İsraili dayandırmaq üçün tədbir görməsə, bölgəmiz daha genişmiqyaslı münaqişələrlə üzləşəcək", - XİN-in bəyanatında deyilir.
Xarici İşlər Nazirliyi fələstinlilərə başsağlığı verib və Ankaranın onların haqq işini dəstəkləməyə davam edəcəyini vurğulayıb.