BAKI, 31 iyul — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.
Dövlət Komitəsindən bildirilib ki, iclasda Prezident İlham Əliyevin rəhbərliyilə Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, məcburi köçkünlərin doğma yurda qayıdışının təmin olunması istiqamətində məqsədyönlü, genişmiqyaslı tədbirlərin həyata keçirildiyi vurğulanıb. Bir daha qeyd olunub ki, dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri, Böyük Qayıdışla bağlı tədbirlərin icrasının daim nəzarətdə saxlanılması öz ata-baba yurduna qayıtmağa hazırlaşan məcburi köçkünlərdə dərin razılıq və minnətdarlıq hissi doğurur.
Kollegiya iclasında Böyük Qayıdışa dair I Dövlət Proqramının prioritet istiqamətləri üzrə tədbirlərin, o cümlədən təbliğat-izahat, məlumatlandırma və maarifləndirmə tədbirlərinin icrası, işğaldan azad edilmiş ərazilərdə yenidən salınan və bərpa olunan yaşayış məntəqələrinə köçürülmənin gedişi, Komitənin elektron məlumat bazasının təkmilləşdirilməsi, elektron sənəd dövriyyəsi, Mənzil İstismar Departamentinin balansında olan mənzil fondunun istismar vəziyyəti barədə məsələlər müzakirəyə çıxarılıb. Müvafiq struktur bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib, iradlar, rəy və təkliflər səsləndirilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkə rəhbərinin tapşırıqlarının və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün daha böyük məsuliyyətlə çalışmağın vacibliyini vurğulayaraq bildirib ki, Böyük Qayıdışın effektiv təşkili üzrə müəyyənləşdirilən kompleks tədbirlərin ardıcıllıqla və vaxtında icra edilməsi təmin olunmalıdır.
İclasda müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasına qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribata cavab olaraq başlanılan və 44 gün ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsi Azərbaycan xalqının tarixi qələbəsi ilə başa çatmış və işğal olunmuş ərazilər rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edilmişdir.
Otuz ilə yaxın müddət ərzində Azərbaycan Respublikasının güclənməsi naminə aparılan uzaqgörən xarici siyasətin və görülən sistemli işlərin məntiqi davamı işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və dayanıqlı inkişafının, milli iqtisadiyyata sürətli inteqrasiyasının və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsidir.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə təsdiq edilmiş iqtisadi rayonların yeni bölgüsünə uyğun olaraq Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir.