BAKI, 31 iyul — Sputnik. Azərbaycanın pomidor ixracından gəlirləri kəskin artıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycandan 137 milyon dollar dəyərində 114,2 min ton pomidor ixrac olunub. Pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 16,2 milyon dollar (13,4%), miqdar ifadəsində 6128 ton (5,6%) artıb.
Azərbaycan pomidorunun ixrac qiyməti bahalaşıb
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan pomidoru əsasən Rusiya və Belarusa ixrac edir:
"Məhsulumuz rahat şəkildə Rusiya və Belarus bazarlarına çıxır. Azərbaycan pomidorunun ixrac qiyməti bahalaşıb. Həm ixrac qiymətində bahalaşma, həm də ixrac miqdarının artması gəlirlərin yüksəlməsinə səbəb olub. Xaricdə pomidorun bahalaşması, ixrac qiymətinin artması sahibkarlarımızı ixraca təşviq edir. Bu zaman sahibkar maraqlı olur ki, böyük miqdarda məhsul ixrac etsin".
Ekspertin sözlərinə görə, ixrac artdıqca yerli bazarda pomidor baha olacaq: "İxrac daxili bazarda qiymətləri artıran faktordur. Lakin hazırda daxili bazarda pomidorun baha olmasına açıq sahələrdə yetişdirilən pomidorun məhsuldarlığı da təsir göstərir".
Pomidorun 1 kq-nın orta ixrac qiyməti 2 manatdan yuxarı olub
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyun aylarında pomidorun 1 kiloqramının orta ixrac qiyməti 2,04 manat olub. Keçən ilin müvafiq dövründə isə bu göstərici 1,89 manat idi. Beləliklə, pomidorun ixrac qiyməti artıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin 5 ayında Azərbaycanın cəmi pomidor ixracının 98,4%-i Rusiyanın payına düşüb. Komitə bu istiqamətdə 6 aylıq məlumatları hələ ki, açıqlamayıb.
Keçən il Azərbaycan pomidoru əsasən Rusiyaya göndərilib
Xatırladaq ki, Azərbaycan keçən il 162 milyon dollar dəyərində 140 min ton pomidor ixrac edib. Keçən il Azərbaycan pomidoru əsasən Rusiyaya göndərilib. Belə ki, ötən il Azərbaycanın pomidor ixracının 97,8 faizi Rusiya bazarının payına düşüb.
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi Rusiyaya ixrac üçün yalnız Rusiyanın müvafiq qurumu tərəfindən icazə verilmiş müəssisələrin məhsullarına laborator müayinələrdən sonra fitosanitar sertifikatlar verir. Beynəlxalq ticarət qaydalarına, həmçinin idxalçı ölkənin idxal tələblərinə əsasən yalnız zərərvericilərdən azad təsərrüfatlardan məhsulun ixracı mümkündür. Yalnız beynəlxalq standartlara uyğun məhsul istehsal edən, həmçinin zərərvericilərə qarşı lazımi səviyyədə tədbirlər həyata keçirən təsərrüfatlarda istehsal olunmuş məhsullar ixrac oluna bilər.