BAKI, 31 iyul — Sputnik. Azərbaycanda tənzimlənən qiymətlərdə artımın inflyasiya proqnozuna birbaşa və dolayı artırıcı təsiri 1,5 faiz bəndi gözlənilir ki, bunun da 1 faiz bəndi 2024-cü ildə reallaşa bilər.
Bu barədə Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrləri ilə bağlı məlumatında deyilir.
Bildirilib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması və yaxud artırılması ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq: "Ümumilikdə, mövcud monetar şərtlər inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib. Yenilənmiş proqnozlara görə mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə baza ssenari üzrə inflyasiyanın 2024-cü ildə 5,4 %, 2025-ci illdə isə 5,5 % olacağı gözlənilir".
"İnflyasiya proqnozunun artırılma istiqamətində dəyişdirilməsi əsasən manatın nominal effektiv məzənnəsinin daha aşağı templə möhkəmlənməsi gözləntisi və eləcə də qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət və tariflərində edilən dəyişikliklərlə bağlıdır", məlumatda diqqətə çatdırılıb.
Bir sıra sahələrdə qiymətlər tənzimlənib
Xatırladaq ki, Azərbaycanda AVRO-5 ekoloji standartı ilə istehsal edilən yanacağın, bərk məişət tullantılarının idarə olunması, ferrosilisium istehsalı sahəsinə verilən elektrik enerjisi üzrə xidmətlərin və bir sıra dərman vasitələrinin qiymətləri tənzimlənib.
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının məlumatında deyilib ki, aidiyyəti beynəlxalq qurumlar və ictimaiyyət tərəfindən ekoloji mühitin qorunması, nəqliyyat emissiyalarının azaldılması və daha təmiz nəqliyyat növlərinin təşviqi ilə bağlı çağırışlar artır. Azərbaycanda yanacağın keyfiyyətinin yüksək standartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədilə neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işləri həyata keçirilir, bu sahəyə investisiya xərcləri artır. Ölkəmizdə AVRO-5 standartına tam uyğun olaraq istehsal olunan dizel yanacağının və Aİ-92 benzininin maya dəyərinin yüksəlməsi bu məhsulların satış qiymətlərinin artırılmasını zəruri edir.
Bununla bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 29 iyun 2024-cü il tarixində keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib.
Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.
Dizel yanacağından istifadənin daha yüksək ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə benzinlə dizel arasındakı qiymət fərqi azaldılıb. Qiymət dəyişikliyi enerji təhlükəsizliyinin dayanıqlılığını təmin etməklə yanaşı, yanacağa qənaət edən hibrid, elektrik və sıxılmış təbii qaz (CNG) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək. Statistikaya əsasən, son illərdə Azərbaycana avtomobil idxalında elektrik mühərrikli avtomobillərin sayı artır. Yanacağın keyfiyyətinin yüksəldilməsi öz növbəsində nəqliyyat vasitələrinin təmirinə çəkilən xərclərin azaldaraq istismar müddətini uzadacaq.
Yumşaq tarif keçidinə baxmayaraq, psixoloji amil səbəbindən tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcək.
Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə yüksək deyil. Əksər ölkələrdə artıq Aİ-92 markalı benzin istehsal olunmur və satılmır, dizelin daha yüksək ekoloji zərərinə görə istehlakının azaldılması məqsədilə qiyməti bahalaşdırılır. Dünya səviyyəsində böyük istehsalçılar "premium" markalı, elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçidi sürətlə davam edir. Avropa İttifaqında benzin və ya dizel mühərrikli (karbon-neytral sintetik yanacaqla (e-yanacaq) işləyən avtomobillər istisna olaraq) yeni avtomobillərin istehsalı və qeydiyyatının dayandırılması istiqamətində tədbirlər həyata keçirilir.
Dayanıqlı inkişafı hədəf götürmüş Azərbaycanda nəqliyyatın strukturu bu istiqamətə uyğunlaşdırılır.
İclasda bərk məişət tullantılarının idarə edilməsi üzrə tariflərə baxılıb.
Bərk məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması, ölkədə kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir.
Ölkəmizdə bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi sahəsinə dövlət büdcəsindən subsidiyalar ayrılır. Çünki bu sahə üzrə ödənişlər xidmətlə bağlı xərcləri qarşılamır. Həmçinin tariflərin aşağı səviyyədə olması bu sahəyə özəl sektorun marağını azaldır.
Bununla əlaqədar olaraq daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətləri üzrə texniki təchizat və zərərsizləşdirmə xidmətinin səviyyəsi nəzərə alınmaqla yeni tariflər təsdiq edilib...