DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Xamenei: "Zəngəzur dəhlizi" Ermənistanın maraqlarına cavab vermir

İranın Ali dini lideri vurğulayıb ki, xarici dövlətlər qonşular arasında münasibətlərə qarışmamalıdır.
Sputnik
BAKI, 30 iyul — Sputnik. İran hələ də "Zəngəzur dəhlizi" ideyasının Ermənistanın maraqlarına cavab vermədiyi qənaətindədir. ISNA xəbər verir ki, bunu İranın Ali dini lideri Əli Xamenei Tehranda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib.
Xamenei Ermənistanın ərazi bütövlüyünün vacibliyini vurğulayaraq qeyd edib ki, Ermənistan-İran münasibətləri digər ölkələrin siyasətindən asılı olmayaraq, qarşılıqlı maraqlar əsasında inkişaf edəcək.
"Xarici dövlətlər qonşu dövlətlər arasında münasibətlərə qarışmamalıdır" - Xamenei əlavə edib.
Ermənistan Baş naziri isə bildirib ki, ölkəsinin daxilindən keçən heç bir transregional marşrutu qəbul etmir.
Paşinyan İran və Ermənistan arasındakı münasibətlərinin strateji olduğunu bildirib. O, iki ölkə arasında əlaqələrin genişlənməsindən və şaxələnməsindən məmnunluğunu ifadə edib, bu prosesin davam etdirilməsinin vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, Nikol Paşinyan İrana yeni prezident Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün gedib.