BAKI, 29 iyul — Sputnik. Qəzza zolağındakı vəziyyətə görə məsuliyyət daşıyan İsrailin baş naziri Benyamin Netanyahunun həyatı nasist lideri Adolf Hitlerin həyatı ilə eyni şəkildə sona çatacaq. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Ankara bir vaxtlar Liviya və Qarabağa girdiyi kimi İsrailə də daxil ola bilər. İsrailin xarici işlər naziri İsrael Katz isə cavabında deyib ki, Ərdoğan Səddam Hüseynin yolu ilə gedir və İsraili hücumla hədələyir, lakin Səddam Hüseynin taleyini xatırlamalıdır.
Ərdoğanın sözlərini şərh edən Türkiyənin xarici işlər naziri Hakan Fidan X sosial şəbəkəsində Türkiyə prezidentinin "insanlığın vicdanının səsinə" çevrildiyini yazıb.
Fidan yazıb:
"Bu səsi boğmağa çalışan beynəlxalq sionist dairələr, xüsusilə də İsrail böyük panika içərisindədir, bütün soyqırım törədənlərin və onlara dəstək verənlərin tarixi eyni şəkildə bitib. Soyqırım edən Netanyahunun sonu, soyqırım edən Hitlerin sonu ilə eyni olacaq".
Hakan Fidan, arxiv şəkli
© AFP 2024 / ADEM ALTAN
Türkiyə Nazirlər Kabinetinin ən azı altı naziri də İsraili pisləyən bəyanatlar yayımlayıb.
Xatırladaq ki, Adolf Hitler 30 aprel 1945-ci ildə intihar edib.
"Gələcək" müxalifət partiyasının sədri, Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu cümə günü Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun lideri İsmayıl Haniyənin və ya fələstinlilərin başqa bir nümayəndəsinin çıxışını təşkil etməyə çağırıb.
7 oktyabr 2023-cü ildə İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan sonra Fələstinin HƏMAS hərəkatının döyüşçüləri sərhəd bölgələrinə daxil olaraq hərbçilərə və mülki şəxslərə atəş açıb, 200-dən çox insanı girov götürüb. Səlahiyyətlilərin məlumatına görə, təxminən 1,2 min nəfər ölüb.
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında mülki hədəflərə hücumları əhatə edən "Dəmir Qılınclar" əməliyyatına başlayıb. İsrail anklavı tam blokadaya aldığını elan edib: su, elektrik, yanacaq, ərzaq və dərman təchizatı dayandırılıb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana anklava endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 39 mini keçib, 89,8 mindən çox insan yaralanıb.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Moskvanın mövqeyinə görə, nizamlanma yalnız paytaxtı Şərqi Qüds olan 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması ilə BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi düstur əsasında mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.