TƏHSİL

Tədris planında dəyişiklik edilib, dərslər iki növbəli olacaq

Son beş ildə Peşə təhsili müəssisələrinin saxlanılmasına ayrılan vəsait 50 faiz artıb.
Sputnik
BAKI, 29 iyul — Sputnik. Peşə təhsili müəssisələrinin saxlanması üçün büdcədən ayrılan vəsait artırılıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesi ilə bağlı bu gün keçirilən brifinqdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.
O bildirib ki, son beş ildə peşə təhsili müəssisələrinin saxlanılmasına ayrılan vəsait 50 faiz artıb.

"Peşə təhsili müəssisələrinə tələbə qəbulunun da bu il artacağını gözləyirik. Qəbul planı Bakı üzrə 40, regionlar üzrə isə 60 faizdir. Biz bir çox müəssisələrimizdə qəbulu maksimuma çatdırmışıq. Artıq tədris planında edilən dəyişikliyə əsasən bu il Bakıda bir çox peşə təhsili müəssisələrində dərslər iki növbəli təşkil ediləcək", - deyə o qeyd edib.

Ceyhun Kərəmov
Qeyd edək ki, bu gündən peşə təhsili müəssisələrinə 2024-2025-ci tədris ili üzrə tələbə qəbuluna başlanılır.
Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə bu barədə də məlumat verib. O, bildirib ki, peşə təhsili almaq istəyən şəxslər avqustun 12-dək portal.edu.az platformasında qeydiyyatdan keçməklə "Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu" xidməti vasitəsilə müraciət göndərməlidirlər.
Ceyhun Kərəmov qəbul prosesinin ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıq olduğunu söyləyib.
"2024/2025-cü tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 min 960 plan yeri üzrə aparılacaq. Bu yerlərdən 23 min 185-i dövlət sifarişli, 7775-i isə ödənişlidir", - direktor bildirib.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində
Ceyhun Kərəmov ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında da tələbə qəbulunun elektron şəkildə həyata keçiriləcəyini bildirib:

"Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ilk və texniki peşə təhsili səviyyələri üzrə ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə buraxılış imtahanlarının nəticəsi əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müraciət edən şəxslərin nəticələri barədə məlumatın "Şəxsi kabinetim" bölümündə yerləşdirilməsi, həmçinin SMS vasitəsilə təqdim edilməsi nəzərdə tutulur. Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərinin əslinin təqdim edilməsi üçün dəvət olunacaqlar".

Peşə təhsilinə tələbə qəbulu üçün elektron qeydiyyatdan keçən zaman aşağıdakı sənədlər tələb olunur:
Şəxsiyyəti təsdiq edən sənəd (Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər müvəqqəti və ya daimi yaşayış icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini);
Təhsil haqqında sənəd (attestat);
Əlilliyi olan şəxslər, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar müvafiq olaraq əlilliyini təsdiq edən sənəd, valideynlərini itirməsini və valideyn himayəsindən məhrum olmasını təsdiq edən sənəd.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.