BAKI, 29 iyul — Sputnik. Bakı-Gəncə magistralında körpünün altına sel suları yığıldığından sürücülər alternativ yoldan istifadə edirlər.
Sputnik Azərbaycan-ın APA-ya istinadən məlumatına görə, alternativ yol kimi istifadə olunan üst yolda torpaq sürüşməsi baş verib və asfalt qatının bir hissəsi çöküb.
Yolun altından keçən suötürücüdən həddən artıq su keçməsi nəticəsində boru ilə asfalt qatı arasındakı torpaq yuyularaq aşınıb.
Gəncə şəhərində 30-a yaxın fərdi evin həyətinə yağış suları dolub, yollarda piyadaların və avtomobillərin hərəkətində də qismən çətinlik yaranıb. Bölgədə digər çaylarla yanaşı həmçinin Gəncəçay çayında da aramsız yağan yağışlar nəticəsində suyun səviyyəsi artıb.
Qeyd edək ki, qərb bölgəsində günlərdir müşahidə olunan yağıntılı hava şəraiti növbəti fəsadlara səbəb olub. Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən və Göygöl rayonlarında leysan selə səbəb olub. Sel suları ucqar kənd yollarına zərər vurub. Çaylar daşıb, sahələrə su dolub, əkin və biçənəklərə ziyan dəyib. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Bölgələrimizdə yağan güclü yağışlar səbəbindən Quba və Şəkidə də bəzi körpüləri sel suları yuyub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, Quba ilə bağlı yayımlanan videogörüntüdə suyun yuyub apardığı körpü deyil, torpaq hissədir, yəni müvəqqəti salınmış yoldur.
"Sözügedən ərazidəki körpü əsaslı şəkildə bərpa olunur. Bu səbəbdən də alternativ olaraq, çayın içindən müvəqqəti yol salınmışdı. Həmin yolun bir hissəsini sel suları yuyub. Qısa müddətdə yol bərpa olunacaq. Ərazidə hər hansı başqa problem yoxdur. Həm Qusar, həm də Xaçmaz istiqamətinə alternativ yollar mövcuddur və nəqliyyat vasitələrinin hərəkətində hər hansı problem müşahidə olunmur.
Şəki ilə bağlı videogörüntüyə gəldikdə isə qeyd edim ki, o körpü bizim balansımızda deyil. Qeyd etdiyim kimi, bizim balansımızda olan körpülərin hər hansı birində problem müşahidə olunmayıb", - deyə A. nəcəfli diqqətə çatdırıb.
Şəkidən yayımlanan videogörüntü ilə bağlı sorğunu Şəki Şəhər İcra Hakimiyyətinə ünvanladıq.
Qurumdan bildirilib ki, həmin ərazi Marxalı keçəndən sonra Narınqala istirahət zonasına tərəf gedən müvəqqəti körpüdür.
"Yəni yaşayış zonası deyil. İki-üç istirahət mərkəzinə getmək üçün olan körpüdür. Hazırda ərazidə iş gedir. Tezliklə bərpa olunacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.