BAKI, 29 iyul — Sputnik. Ölkənin zəifləyəcəyi ümidi ilə Rusiyaya qarşı 20 min sanksiya tətbiq edilsə də, bu baş verməyib. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.
"Artıq bizə, Rusiyaya qarşı 20 minə yaxın müxtəlif məhdudlaşdırıcı sanksiya tətbiq edilib. Əslində, onları sanksiya adlandırmaq olmaz, çünki sanksiyalar Təhlükəsizlik Şurasının tətbiq etdiyi qanuni tədbirdir. Bunlar isə birtərəfli məhdudlaşdırıcı tədbirlərdir... Bu, zəifləyəcəyimiz və yıxılacağımız ümidi ilə ABŞ və Aİ tərəfindən bizə qarşı tətbiq edilən davamlı prosesdir", – Pankin Rusiya Federasiya Şurasında keçirilən dəyirmi masa zamanı deyib.
"Bu cür hesablamalar bugünkü müxtəlif vasitələrdən istifadə etməklə həyata keçirilən güclü dezinformasiya kampaniyası ilə dəstəklənsə də özünü doğrultmur", - nazir müavini vurğulayıb.
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etmək üçün cəsarəti çatışmır.
Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib.
Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl bəyan etmişdi ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.