İQTİSADİYYAT

Masallıda 50 qəpiyə satılan pomidor Bakıda niyə 4-5 manatadır? Araşdırma

Rayon fermerləri Bakıda 4-5 manata satılan pomidoru sahədən 42-50 qəpiyə satdıqlarını bildiriblər.
Sputnik
BAKI, 29 iyul — Sputnik. "Bir kiloqramını 50 qəpikdən satdığımız pomidoru marketlərin vitrinində 4-5 manata görəndə yanıb tökülürük. Belə çıxır ki, əziyyətini biz çəkirik, bəhrəsini başqaları görür. Camaat da pomidora baxa-baxa qalır, alıb bol-bol yeyə bilmir. Bir sözlə, alverçilər kəndlidən dəfələrlə çox qazanır".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Masallı rayonundan olan fermer Əşrəf Əsgərov söyləyib. O, son günlər Bakıda pomidorun qiymətinin kəskin bahalaşmasından xəbərdar olduğunu, lakin bunun onlara zərrə qədər də xeyrinin olmadığını söyləyib.
Həmsöhbətimiz bildirib ki, pomidor satışından ona hər kiloqram üçün 20 qəpik mənfəət qalır. Ə.Əsgrov öz məhsulunu paytaxtda satmağa bazar tapmadığını, bu səbəbdən də çarəsiz qalıb alverçilər hansı qiymət desə, ona razılaşdığını söyləyib. Bildirib ki, Bakıda məhsullarını satmaq onlar üçün çətindir.
Pomidorun satışı

"Fermerin bazara birbaşa çıxışına imkan verilmir, şərait yaradılmır. Yarmarkalar isə həftədə bir dəfə təşkil olunur. Belə bir vəziyyətdə bu qədər məhsulu satmaq olmaz. Ona görə də, mLI alverçilərə aşağı qiymətə satmağa məcburuq. Əks halda məhsul əlimizdə qalıb xarab olacaq. Əziyyəti biz çəkirik, qazananlar isə başqalarıdır. Camaat da baha qiymətə alır. Alverçilər bizdən çox qazanırlar", - deyə masallılı fermer gileylənib.

Qeyd edək ki, son günlər paytaxtda bazar və marketlərdə pomidorun qiymətində kəskin bahalaşma müşahidə edilir. İstehlakçılar pomidorun qiymətinin 2 dəfə artdığını bildirir. Belə ki, hazırda bazar və supermarketlərdə pomidorun bir kiloqramı 3-4 manata təklif olunur. İstehlakçılar yay fəslində pomidorun bu qiymətə satılmasının fantastik olduğunu bildirirlər. Masallı rayonunda isə kilosu 30 qəpiyə satılan pomidorun alıcısının olmadığı barədə məlumat yayılıb. Rayonlarda pomidorun bir kiloqramı 30 qəpiyə satıldığı halda Bakıdakı qiymətlərdə bu qədər fərqin yaranması bir çox suallara yol açıb.
Digər masallılı fermer Anar Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 27 kiloqramlıq pomidor yeşiyini 15 manata satır:

"Pomidorun bir kiloqramını 42- 50 qəpiyə satırıq. Bizə şərait yaratmırlar ki, öz məhsulumuzu özümüz sataq. Qırxa yaxın işçimiz var ki, hər gün onlara 800 manat əmək haqqı ödəyirik. Dövlətdən isə bir manat bizə köməklik yoxdur".

Pomidorun satışı
A.Abbasov şərait yaradılarsa, öz məhsullarını Bakıda əhaliyə aşağı qiymətə satmağa hazır olduğunu söyləyir.

"Bizə açıq yaşıl zolaq ayırsalar, pomidoru Bakıda 1 manata, hətta 80 qəpiyə satmağa razıyıq. İndi alverçiyə az qala yalvarırıq ki, məhsulu bizdən alsın. Qarşısına süfrə açıb çay-çörək qoyuruq ki, təki məhsulumuz əlimizdə qalmasın. Qısası, pomidoru 50 qəpikdən satanda sevinirik. Vaxtında məhsulumuzu sata bilmədiyimizdən pomidor tağda qalır. Bu isə məhsuldarlığa mənfi təsir göstərir. Vaxtında yığıb satsaq daha çox məhsul götürərik. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları da bizim şikayətlərimizi gəlib yazıb gedirlər, amma bir tədbir görmürlər. Fermerlərə gündəlik öz məhsullarını satmağa bazar versələr, biz pomidoru dəyər-dəyməzə satmarıq. Öz məhsulumuzu özümüz satsaq, Bakıda əhali də pomidoru ucuz qiymətə alar. Biz də normal qazanarıq, camaat da", - deyə Anar Abbasov bildirib.

Həmsöhbətimiz onu da deyir ki, Masallıdan Bakıya pomidor daşıyan yük maşınları iki saat yarıma paytaxta çatırlar. Üç ton pomidor daşıyan yük maşınının Bakıya getmə xərci 60 manat tutur. Beləliklə, bir ton pomidorun paytaxta daşınması 20 manata başa gəlir:
Pomidorun satışı
"Alverçi isə bizə deyir ki, "Meyvəli"də onlardan bazara giriş üçün 30 manat pul alınır. Vaxt keçdikdən sonra hər saata görə əlavə pul alınır. Əlavə xərcləri də çıxır ki, onları açıqlamırlar. Bir kiloqram pomidorun "Meyvəli" bazarında satılması onlara 30 qəpiyə başa gəlir. Yəni, 25 kiloqramlıq pomidor yeşiyinə 7 manat 50 qəpik əlavə xərc çıxır. Dediklərinə görə, buna görə pomidoru baha satmalı olurlar", - deyə fermer bildirib.
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda pomidorun qiyməti Türkiyə və Gürcüstanla müqayisədə iki dəfə yüksəkdir. Ekspert bildirib ki, qış aylarında belə Moskvada Azərbaycan pomidoru yerli bazardan aşağı qiymətə satılır.
Vahid Məhərrəmov - Kənd təsərrüfatı üzrə ekspert
"Qışda Bakıda pomidor 5 manata satılanda, eyni keyfiyyətdə pomidor Moskvada 3 manat 20 qəpiyə təklif olunurdu. Hazırda fermerlərin Masallıda bir kiloqram pomidoru 30 qəpiyə satdıqları bildirilir. Bakıda isə pomidorun qiyməti 4-5 manatdır. Deməli, problem qiymətlərin Bakıda bir topdansatış bazarı tərəfindən diktə olunmasındadır. Bakıda meyvə-tərəvəz məhsulları üçün cəmi bir iri topdansatış bazarı var. Həmin bazar monopolistdir. Bazarda digər oyunçular yoxdur. Onlar kəndlidən kənd təsərrüfatı məhsullarını çox ucuz qiymətə alıb çox baha qiymətə satırlar", - eskpert bildirib.
Onun sözlərinə görə, Bakıdakı ticarət mərkəzləri şəbəkə kimi inhisarçıların əlində cəmləşib.

"Bütün şəbəkələr məhsulu onlardan aldıqlarından, bazarda qiyməti də onlar müəyyən edir. Bakı ətrafında pomidor istehsalçıları da kartel sövdələşməsinə gedərək qiyməti diktə edirlər. Burada söhbət 10 hektar istixana ərazisi olan insanlardan gedir. Pomidor tez xarab olan məhsul olduğundan, 100 kiloqram gətirib Bakıda satmaq sərf etmir. Bakıda kəndlilərə şəraitli, soyuducuları olan böyük bazarlarda imkan yaradılmalıdır ki, məhsullarını iriqabaritli yük maşınları ilə paytaxta gətirib burada hissə-hissə sata bilsinlər. Şəmkir rayon fermerləri mənə şikayətlənmişdilər ki, Bakıda topdansatış bazarında onların məhsulu çox ucuz qiymətə tələb olunur. Onlar da məcbur olub öz məhsullarını Rusiya bazarına çıxarmalı olublar", - deyə Vahid Məhərrəmov bildirib.

Pomidorun satışı
Ekspert deyir ki, Bakıdakı yarmarkalar öz funksiyalarını düzgün yerinə yetirmirlər:
"Yarmarkaların təşkili olduqca vacibdir. Türkiyənin Ankara şəhərində bir neçə dəfə yarmarkada olmuşam. Orada xüsusi yerlərdə hər həftənin birinci günü kəndlilər məhsullarını satışa çıxarırlar. Bu, bizim ölkədə də tətbiq olunmalıdır. Bakıdakı yarmarkalar öz funksiyalarını yerinə yetirmirlər. Bazardan inhisarçılıq götürülərsə, çoxsaylı yarmarkalar təşkil olunarsa, qiymətlər də ucuzlaşar. Həmçinin Bakıda bir necə topdansatış bazarında satışı təşkil edilməlidir. Əgər Bakıda 4-5 topdansatış bazarı olsa, o zaman həm istehsalçı, həm də tədarükcu normal qazanacaq. Həm də qiymətlər istehlakçılar üçün sərfəli olacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Azərbaycan hansı Aİİ ölkələrinə pomidor ixrac edir?