BAKI, 29 iyul — Sputnik. Banklar və "Azərpoçt" MMC sistemləri üzrə iyun ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı may ayına nəzərən 224 min ədəd artaraq 18 milyon 91 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20,3% artıb.
Mərkəzi Bankın məlumatına əsasən, ödəniş kartlarında artım debet kartları üzrə 21,5%, kredit kartları üzrə 12,6% təşkil edib. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.
Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə artıb. 2024-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,1 milyard manat təşkil edib.
Həyata keçirilən nağdsız ödənişlərin 5,1 milyard manatı elektron ticarətin payına düşür.
Banklar və "Azərpoçt" MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyun ayının sonu ilə müqayisədə bankomatların sayı 2,5%, POS-terminalların sayı 19,5% artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.