BAKI, 29 iyul — Sputnik. Azərbaycanda 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün dəvət göndərilən beynəlxalq qurumlar siyahısında Avropa Şurası Parlament Assambleyası yoxdur.
Bunu APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
O qeyd edib ki, Xarici İşlər Nazirliyi 7 beynəlxalq təşkilatı dəvət edib:
"ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı XİN-in dəvət etdiyi təşkilatlardır".
Ayxan Hacızadə
© Photo : MFA
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Xatırladaq ki, Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il iyulun 27-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 24 iyul 2024-cü il tarixli iclas protokolu təsdiq edilib.
Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası Komissiya üzvləri tərəfindən müzakirə edilərək təsdiq olunub. Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 6516567 (altı milyon beş yüz on altı min beş yüz altmış yeddi) seçki bülleteninin Komissiyanın təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında hazırlanmasına qərar verib.
İclasda, həmçinin qarşıdan gələn seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş vəzifə və səlahiyyətlərə malik qurumlarla sıx əməkdaşlıq çərçivəsində intensiv şəkildə davam etdirilən ümumrespublika miqyaslı maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verilib, deputatlığa namizədlərin irəli sürülməsi və qeydə alınması, o cümlədən müşahidəçilərin akkreditasiyası ilə bağlı statistik göstəricilər diqqətə çatdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.