BAKI, 27 iyul - Sputnik. Bu ilin sonuna qədər Azərbaycanın valyuta ehtiyatları 74 milyard ABŞ dollarına yaxınlaşacaq.
Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin ölkəmizlə bağlı açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, ölkənin valyuta ehtiyatları onun ümumi daxili məhsulunun 98 %-ni təşkil edəcək. Ehtiyatların 80 %-i Dövlət Neft Fonduna (ARDNF), 20 %-i isə Azərbaycan Mərkəzi Bankına məxsus olacaq.
Qarabağın yenidən qurulması iqtisadi artıma müsbət təsir edəcək
Azərbaycanda neft hasilatının daha yavaş azalması və Qarabağın yenidən qurulmasının müsbət təsirləri ilə ölkədə iqtisadi artım tsiklik olaraq 3,2%-ə qədər bərpa olunacaq.
"Biz iqtisadi artımın 2025-ci ildə 2,7 %-ə, 2026-cı ildə isə 2, 3%-ə qədər yavaşlamasını gözləyirik, çünki artım hələ də dövlət investisiyaları ilə dəstəklənir. Bu arada, neft sektorunun geriləməsi əvvəlki illərə nisbətən azalacaq, yəni neft hasilatı azalma tempini yavaşlada bilər", - deyə "Fitch" bəyan edib.
Azərbaycanın dövlət borcu ÜDM-nin 22,7 %-nə qədər artacaq
2023-cü ildə Azərbaycanın zəmanət verilmiş dövlət borcunun ümumi daxili məhsuluna (ÜDM) nisbəti 21,8 %-ə çatdıqdan sonra 2026-cı ildə bu göstəricinin 22,7 %-ə yüksələcəyi gözlənilir.
Bununla belə, agentlik bəyan edib ki, bu, "Fitch"in investisiya dərəcəsi verdiyi ölkələr arasında ən aşağı göstəricilərdən biridir.
"Son illərdə Azərbaycanın xarici dövlət borcu azalıb, onun valyuta tərkibi yaxşılaşıb və xarici borcun təxminən 2/3-si rəsmi kreditorların payına düşür. Əgər 2022-ci xarici borc 6,4 milyard ABŞ dolları təşkil edirdisə, 2023-cü ildə 6 milyard ABŞ dollarına düşüb və ÜDM-in 8,2 %-i qədər olub. Bunun da böyük hissəsi Cənub Qaz Dəhlizi layihəsi ilə bağlıdır", - deyə "Fitch" bəyan edib.
Azərbaycan CƏB üzrə profisitinin ÜDM-nə nisbəti azalacaq
2024-cü ildə Azərbaycan cari əməliyyatlar balansı (CƏB) üzrə profisitinin ümumi daxili məhsuluna (ÜDM) nisbəti 9,3 % proqnozlaşdırılsa da, 2026-cı ildə bu nisbət 6,4 %-ə düşəcək.
Bununla belə, agentlik hesab edir ki, neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, CƏB üzrə profisitin ÜDM-ə nisbəti “BBB” kateqoriyas üzrə ən yüksək həddə olacaq.