BAKI, 27 iyul — Sputnik. Qazaxıstan Azərbaycana 1 milyon tondan çox buğda tədarük etməyə hazırdır.
Bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
“Qazaxıstan Azərbaycana tarixən 1 milyon tondan çox taxıl göndərib. Hazırda biz Qazaxıstan buğdası ilə Azərbaycan bazarında yenidən rəqabətədavamlı olmaq üçün əvvəlki mövqelərimizə qayıtmaq mexanizmləri üzərində işləyirik” - Qazaxıstanın “Ərzaq Müqavilə Korporasiyası”nın sədri Asılxan Cumaşev deyib.
Korporasiya rəhbəri izah edib ki, bu şirkət Qazaxıstan, Azərbaycan və İranda taxıl terminalları sistemini idarə edir, həmçinin, onların imkanlarını genişləndirmək niyyətindədir.
Qazaxıstan buğdasının əsas tədarükü taxıl və qarğıdalı daşınması, saxlanılması üzrə ixtisaslaşmış “Ak Biday-Terminal” SC vasitəsilə həyata keçiriləcək.
2017-ci ildən bəri Qazaxıstan buğdasının Azərbaycana ixracı ildə 300 min tonu keçməyib.
Azərbaycan bazarına taxılın, xüsusən də buğdanın əsas tədarükçüsü Rusiyadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Rusiya taxılının idxalını artıraraq, 640 min ton bərk və 160 milyon dollarlıq da yumşaq buğda alıb.
Azərbaycan bazarına ikinci əsas buğda tədarükçüsü Qazaxıstandır. 2023-cü ilin doqquz ayında Azərbaycan 149,9 min ton qazax buğdası idxal edib ki, bu da 50,4 milyon dollara başa gəlib.
05.07.24, 10:36
Azərbaycanda taxıl biçini necə gedir?
Taxıl sahələrində biçin prosesi davam edir. Kənd Təsərrüfatı Nazirliyində taxıl biçininin təşkili ilə bağlı yaradılmış operativ qərargahın məlumatına görə, iyunun 4-dək ölkə üzrə taxıl sahələrinin 62,8 faizində biçin başa çatıb. Mexanizatorlar tərəfindən 635646 hektar sahədə biçin aparılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 30844 hektar artıqdır.
Arpa sahələrinin 86.4 faizində, buğda sahələrinin isə 45.7 faizində biçin tam yekunlaşıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29.7 sent/ha, buğda üzrə isə 31.9 sent/ha təşkil edir.
Zəmilərdən bugünədək 2025070 ton məhsul yığılıb, yığılan məhsulun 1089912 tonu arpa, 935158 tonu buğdadır.
Hazırda biçin prosesində 1576 kombayn iştirak edir. Bunlardan 633-ü "Aqroservis" ASC-nin, 943-ü isə fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan kombaynlardır.
Respublikada biçin prosesinin optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi "Aqroservis" ASC tərəfindən 2024-cü il taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirəcək mexanizatorlarla görüşlər təşkil edilib. Tədbirin təşkilində əsas məqsəd cari ildə taxıl biçinini itkisiz və mütəşəkkil həyata keçirməkdir. Görüşlərdə biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib və mexanizatorların təklifləri dinlənilib.
Görüşlərdən əvvəl mexanizatorlar üçün təlimlər təşkil edilib. Aprel ayının ilk həftəsindən başlayan təlimlər "Aqroservis" ASC-nin Yevlax təlim-tədris mərkəzi və Masallı DAİM-də təşkil edilib.
Hər il ənənəvi olaraq təşkil edilən təlimlərin əsas məqsədi taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi, mexanizatorlar tərəfindən texnikaların idarə edilməsi, kombyanlara texniki xidmətin göstərilməsi, istismar zamanı baş verə biləcək nasazlıqların aradan qaldırılması və təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı onların bilik və bacarıqlarının artırılmasıdır.
Xatırladaq ki, 2023-cü ildə ölkədə buğda istehsalı 2022-ci ilə nisbətən 5.6% artaraq 1.8 milyon ton olub. Azərbaycana buğda idxalı əsasən Rusiya və Qazaxıstandan həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.