BAKI, 27 iyul — Sputnik. Azərbaycanda bu ilin ilk yarısında içkilər və tütün məmulatlarının alınmasına 1 milyard 259 milyon manat xərclənib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə məlumatı millət vəkili Vüqar Bayramov verib. O, bildirib ki, vətəndaşlarımızın xərclədiyi hər 100 mantdan 5 manatı içkilər və tütün məmulatlarının alınmasına yönəldilir.
Vüqar Bayramov
© Photo : Social media page of Vügar Bayramov
"Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırır. Adambaşına istehlak indi 2.0 litr olduğu halda bunun gələn il 2.5, 2030-cü ildə isə 3.9 litr olacağı gözlənilir. İstehlak artdıqca isə xərc də çoxalır. Deməli, spirtli içkilər və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət etmək, həm də daha sağlam olmaq mümkündür. Ona görə də, alkoqol və tütün məhsullarını istehlak etməkdənsə ixrac etmək daha faydalıdır", - deyə deputat bildirib.
Qeyd edək ki, Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Azərbaycana idxal edilən şampan şərabının hər litri üçün aksiz vergisi 5,1 manatdan 2,7 manata endirilib, denaturasiya olunmamış etil spirtinin (80 həcm faiz və ya çox spirt qatılığı ilə) və həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirtinin hər litri üçün aksiz vergisi 6 manatdan 6,8 manata qaldırılıb, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaların hər litri üçün aksiz vergisi 8 manatdan 8,8 manata, viski, rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilərin hər litri üçün aksiz vergisi 12 manatdan 12,8 manata qaldırılıb.
Tütün
© AFP 2024 / JUNI KRISWANTO
Bundan başqa, tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların hər 1 000 ədədi üçün aksiz vergisi 43 manatdan 45,5 manata, tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin hər 1 000 ədəd üçün aksiz vergisi 46,5 manatdan 53,5 manata, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulların hər 1 000 ədədi üçün aksiz vergisi 14 manatdan 16 manata, birdəfəlik istifadə olunan elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər ədədi üçün aksiz vergisi 0,25 manatdan 2 manata qaldırılıb.
Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
Ekspertlər Sputnik Azərbaycan-a bildiriblər ki, aksiz mallarının qiymətlərinin dəyişdirilməsi alkoqollu içkilər və tütün məmulatlarının qiymətində növbəti bahalaşmaya səbəb olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.