BAKI, 26 iyul — Sputnik. Xüsusi hərbi əməliyyatın uğuru Vaşinqton və Brüsselin qərarlarını müzakirə etmədən yalnız Rusiyanın hərəkətlərindən asılıdır. Bunu Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin deyib.
Bir müddət əvvəl ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo "Wall Street Journal" üçün yazdığı məqalədə Donald Trampın seçkilərdə qalib gələcəyi təqdirdə Ukrayna üçün 500 milyard dollarlıq Lend-Lease proqramı hazırlaya biləcəyini, habelə Ukraynanın ala və istifadə edə biləcəyi istənilən növ silahların tədarükünə məhdudiyyətlər qoylua biləcəyini yazmışdı.
"Kiyev rejiminə qarşı mübarizədə ilk növbədə özümüzə güvənməliyik. Vaşinqton və Brüsselin hansısa sehrli sxemləri və ya qərarları sayəsində heç bir şəkildə xüsusi hərbi əməliyyatın uğuru əldə oluna bilməz. Rusiyanın strateji təhlükəsizliyi və Qələbə saatı bizim öz hərəkətlərimizdən asılı olacaq", – Karasin Telegram kanalında yazıb.
Karasin onu da vurğulayıb ki, Avropa İttifaqı Kiyevə yardımla bağlı geniş demaqogiya ilə məşğul olan çox eqoist bir struktur olaraq qalır.
"Məlumat onu göstərir ki, Ukrayna Rusiya aktivlərindən oğurlanmış gəlirlərdən heç birini almayacaq və pul yalnız Avropa ölkələrinə tədarük olunan silahlara görə kompensasiyaya yönəldiləcək", - o, əlavə edib.
"Belə bir həyasızlığın şərhə ehtiyacı yoxdur", - Karasin qeyd edib.