HƏRBİ

Bu cür sürətli silahlanma Ermənistanı fəlakətə sürükləyir - Hərbi ekspert

Bir neçə fərqli ölkənin silahlarının alınması qarışıqlıq yaradır və Ermənistana üstünlük qazandıra bilməz.
Sputnik
BAKI, 26 iyul — Sputnik. İran və Ermənistan 500 milyon dollar dəyərində böyük silah müqaviləsi imzalayıblar. Məlumatlı mənbə İran İnternational-a bildirib ki, razılaşma bir neçə müqaviləyə bölünüb və son bir neçə ayda imzalanıb.
İran İnternational İranın Ermənistana tədarük edəcəyi hərbi məhsulların eksklüziv siyahısını əldə edib. Buraya Shahed 136, Shahed 129, Shahed 197, Mohajer kimi pilotsuz təyyarələr və 3-cü Xordad, Məcid, 15-ci Xordad və Arman kimi hava hücumundan müdafiə raket sistemləri daxildir.
Bu sövdələşmə barədə daha əvvəl məlumat verilməyib. İran və Ermənistanın xarici işlər və müdafiə nazirlikləri məlumatı təsdiqləməyiblər.
Ermənistanın Maliyyə Nazirliyi bildirib ki, 2024-cü ildə müdafiə xərcləri 2020-ci illə müqayisədə 81% artıb. Ermənistanın 2024-cü ildə müdafiə büdcəsi təxminən 1,4 milyard dollar olub, ona görə də bu sazişlə İrana ayrılan vəsait bu büdcənin təxminən üçdə birini təşkil edir. Ermənistanın bunu necə ödəyə biləcəyi məlum deyil, lakin bəzi analitiklər hesab edirlər ki, kredit ödənişləri bir seçim ola bilər.
İran-Ermənistan silah müqaviləsi intiharçı pilotsuz uçan aparatların və hava hücumundan müdafiə raketlərinin tədarükündən kənara çıxır. Mənbənin İran İnternational-a verdiyi məlumata görə, bu, həm də kəşfiyyat əməkdaşlığı, sıx hərbi əlaqələr, təlim və Ermənistan ərazisində bazaların yaradılmasını əhatə edir.
Hərbi ekspert Ədalət Verdiyev
Son aylar İrandan yüksək səviyyəli nümayəndə heyətləri və texniki qrupların səfərləri zamanı iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq, o cümlədən silah müqavilələrinin icra olunması müzakirə olunub.
Hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev Sputnik Azərbaycan-a bildirib ki, Ermənistan Vətən müharibəsindəki məğlubiyyətdən sonra itirdiyi hərbi texnika potensialını bərpa etmək üçün İran, Hindistan və Fransa ilə yaxından əməkdaşlıq edir: "Hazırda silah sazişi ilə bağlı yayılan məlumatları İran təkzib etsə də, bunu yetərli saymaq olmaz. Çünki İran məhz 500 milyonluq müqavilənin imzalanmadığı deyir. Nəticə etibarilə biz müharibədən sonra İrandan Ermənistana pilotsuz kamikadze tipli uçuş aparatlarının, tank əleyhinə idarəolunan raketlərin verilməsinə dair məlumatlara malikik. Eyni zamanda məlumdur ki, İranda Ermənistan ordusu üçün PUA operatorlarının hazırlanması üçün təlim kursları keçirilir. Ermənistandan olan işğalçı ordunun hərbi qulluqçuları Azərbaycana qarşı döyüşlərdə istifadə olunmaq üçün hazırlanır. Biz həmin PUA-ların sərhəd toqquşmalarında istifadə olunmasına dair məlumatlara da rast gəlmişik. Hər bir halda İran ilə Ermənistanın hərbi sahədə əməkdaşlıq etməsi İranın yeni rəhbərliyinin maraqlarına uyğun olmamalıdır".
Ekspert qeyd edir ki, hazırda bölgədə türk dövlətləri birliyinin artan nüfuzu var, İranla Azərbaycan arasında münasibətlərdə müsbət dinamika müşahidə olunur: "Yeni İran prezidentinin Azərbaycanla münasibətlərə üstünlük verməsi bu ölkənin Ermənistanla hərbi əlaqələrini sual altına ala bilər. Ancaq hər bir halda Azərbaycan Ermənistanın silahlanmasını nəzarətdə saxlamalıdır. Həmin silahlar Azərbaycan sərhədlərinə yaxınlaşdığı təqdirdə onun fəaliyyətinə mane olmalıyıq. İşğalçı Ermənistanın silahlanma proqramını sıradan çıxaracaq bütün vasitələrdən istifadə olunmalıdır".
"İstənilən halda bu cür sürətli silahlanma Ermənistanı fəlakətə sürükləyir. Ermənistan Vətən müharibəsindən əvvəl də Hindistandan əks-batareya döyüş sistemləri almışdı. Ancaq bu da müharibənin taleyini dəyişməmişdi. Bir neçə fərqli ölkənin silahlarının alınması qarışıqlıq yaradır və Ermənistana üstünlük qazandıra bilməz. Hindistan ənənəvi silah istehsalçısı deyil. Bu ölkə digər ölkələrin silahlarını lisenziya əsasında istehsal edir. Hindistan silahları ilə bağlı etibarlı tərəfdaş hesab olunmur. Ənənəvi silah istehsalçıları qarantiya məsələlərinə önəm verir. Hindistanın isə işi silha satandan sonra bitir", - ekspert fikirlərini yekunlaşdırıb.