İQTİSADİYYAT

Tütün məmulatları və alkoqollu içkilərin bahalaşması gözlənilir

Azərbaycana gətirilən bir sıra spirtli içkilər və tütün məmulatları üçün aksiz dərəcələri artırılıb.
Sputnik
BAKI, 24 iyul — Sputnik. Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Azərbaycana idxal edilən şampan şərabının hər litri üçün aksiz vergisi 5,1 manatdan 2,7 manata endirilib, denaturasiya olunmamış etil spirtinin (80 həcm faiz və ya çox spirt qatılığı ilə) və həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirtinin hər litri üçün aksiz vergisi 6 manatdan 6,8 manata qaldırılıb, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaların hər litri üçün aksiz vergisi 8 manatdan 8,8 manata, viski, rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilərin hər litri üçün aksiz vergisi 12 manatdan 12,8 manata qaldırılıb.
Bundan başqa, tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların hər 1 000 ədədi üçün aksiz vergisi 43 manatdan 45,5 manata, tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin hər 1 000 ədəd üçün aksiz vergisi 46,5 manatdan 53,5 manata, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulların hər 1 000 ədədi üçün aksiz vergisi 14 manatdan 16 manata, birdəfəlik istifadə olunan elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər ədədi üçün aksiz vergisi 0,25 manatdan 2 manata qaldırılıb.
Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
Ekspertlər Sputnik Azərbaycan-a bildiriblər ki, aksiz mallarının qiymətlərinin dəyişdirilməsi alkoqollu içkilər və tütün məmulatlarının qiymətində növbəti bahalaşmaya səbəb olacaq.
26.11.23, 09:32
Tütün məmulatları və alkoqollu içkilərin bahalaşması gözlənilir
Azərbaycanda istehsal olunan tütün məmulatları və alkoqollu içkilərin aksiz dərəcələri artırılır.
Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, 2024-cü ildən aksiz dərəcəsi siqarillanın hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlərin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilir. Birdəfəlik istifadə üçün elektron siqaretin, qəlyanın hər bir ədədi üçün aksiz dərəcəsi 0,25 manatdan 2 manata qaldırılır.
Aksiz dərəcəsi araq (vodka), tündləşdirilmiş içkilər, likyor, konyakın hər litri üçün 4,0 manatdan 4,8 manata qaldırılır. Şampan şərabı üçün aksiz dərəcəsi isə azaldılaraq 2,6 manatdan 0,2 manata endirilir.
Bəs, gələn ildən aksiz dərəcələrinin artması tütün məmulatları və alkoqollu içkilərin qiymətlərinə necə təsir edəcək?
İqtisadçı Razi Abasbəyli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ölkədə tütün məmulatlarının istehsalında artım var: "Yerli tütün məmulatlarının istehsalını stimullaşdırmaq, dəstəkləmək və idxaldan asılılığı azaltmaq qarşıya məqsəd qoyulub. Son illərdə aksiz dərəcələrinin qaldırılmasına görə tütün məmulatları və alkoqollu içkilərin qiymətlərində kəskin artım baş verməyib. Məsələn, hər dəfə aksiz dərəcə qaldırılanda 1 qutu siqaretin satış qiymətində təxminən 30 qəpiyədək artım olub. Başqa sözlə, kəskin qiymət artımları olmasa da nisbətən bahalaşma baş verib. Digər tərəfdən də bu bahalaşma bazarda saxta və keyfiyyətsiz məhsulların artmasına gətirib çıxardıb".
"Vergi Məcəlləsinə dəyişiklik 2024-cü ildən qüvvəyə minəndən sonra bazarda tütün məmulatları və alkoqollu içkilərin qiymətlərində artımları müşahidə edə bilərik",-deyə iqtisadçı əlavə edib.
"Ümumdünya Səhiyyə Təşkilatı bu məhsulların satışının əngəllənməsində maraqlıdır"
Bakı Hesabat Mərkəzinin direktoru, vergi sahəsi üzrə ekspert Mehdi Babayev isə Sputnik Azərbaycan-a açıqlamasında, Vergi Məcəlləsinə bu dəyişikliyi müsbət qiymətləndirib: "Tütün məmulatları və alkoqollu içkilər zərərlidir. Vergi qanunvericiliyinin məqsədi təkcə vergi yığmaq deyil, həm də insanların həyat-tərzini tənzimləməkdir. Bu dəyişiklik insanların alıcılıq qabiliyyətini məhdudlaşdırır ki, onlar tütün məmulatları və alkoqollu içkilər az istehlak etsin, zərərli vərdişlərdən uzaq dursunlar. Ümumdünya Səhiyyə Təşkilatı da maraqlıdır ki, insanların zərər görməməsi üçün bu məhsulların satışı əngəllənsin və təşkilat bu istiqamətdə öz tövsiyələrini verib".
"Aksiz dərəcələrinin qaldırılmasının məqsədi tütün məmulatları və alkoqollu içkilərin qiymətini artırmaqdır ki, insanların bu istiqamətdə alıcılıq qabiliyyəti azalsın",-deyə ekspert əlavə edib.
Qeyd edək ki, Vergi Məcəlləsinə dəyişikliklər Milli Məclisdə ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Spirtli içkilər və tütün məmulatları bahalaşıb
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda spirtli içkilər 3,6 faiz, tütün məmulatları 4,8 faiz bahalaşıb.
Yerli istehsalın rəqabət qabiliyyəti artırılır
Prezident İlham Əliyev 2023-cü il fevralın 7-də "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" Sərəncam imzalayıb. Məqsəd tütün məmulatlarının və alkoqollu içkilərin yerli istehsalının rəqabət qabiliyyətinin artırılması və ixracının genişləndirilməsi, qanunla müəyyən edilmiş dövlət ödənişlərinin icra edilməsi üçün fiskal nəzarət tədbirlərinin gücləndirilməsidir.
Əlavə edək ki, beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla dövlət tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət çərçivəsində aksiz dərəcələrinin mərhələli şəkildə artırılması və optimallaşdırılması nəzərdə tutulur.