BAKI, 24 iyul — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatasının komitəsinin tənqidi əsassızdır. Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
İyulun 23-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Gürcüstan hakimiyyətini xarici agentlər haqqında qanunun qəbuluna görə tənqid edib.
"Konqresdə belə bir qiymətləndirmə Gürcüstanla bağlı praqmatik mövqenin hələ formalaşmadığını göstərir. Biz Gürcüstan dövlətinə qarşı ədalətsiz hücumlar gördük. Konqresdə səslənən tənqidlərin heç bir əsası yoxdur", - Kobaxidze brifinqdə bildirib.
Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Aİ və ABŞ tərəfindən tənqid edilib. Pentaqon bildirib ki, ABŞ ikitərəfli münasibətlərə yenidən baxılması səbəbindən Gürcüstanla birgə hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə salıb. Təlimlərin iyulun 25-dən avqustun 6-dək keçirilməsi planlaşdırılırdı. Gürcüstan hakimiyyəti dəfələrlə ölkələr arasında münasibətləri bərpa etmək zərurəti barədə məlumat verib.
Mayın 14-də Gürcüstan parlamenti küçə etirazlarına baxmayaraq, "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü və yekun oxunuşda qəbul edib. Mayın 18-də Gürcüstan prezidenti Saloma Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub və onu "Rusiya qanunu" və "qeyri-konstitusiyon" adlandırıb.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili prezidentin bundan imtina etməsindən sonra parlamentin iyunun 3-də qəbul etdiyi xarici agentlər haqqında qanunu imzalayıb. Papuaşvili daha sonra bildirib ki, qanunu imzaladıqdan sonra 60 gün ərzində Gürcüstan Ədliyyə Nazirliyi bütün lazımi qaydaları hazırlayacaq və təşkilatlar üçün elektron portal yaradacaq. 60 gündən sonra əhəmiyyətli xarici maliyyəsi olan təşkilatlar portalda qeydiyyatdan keçməli və 2023-cü il üçün maliyyələrini bəyan etməli olacaqlar.