MƏDƏNİYYƏT

Bəhram Nəsibovun oğurlanmış mahnısı bütün musiqi platformalarından silinib

B.Nəsibovun müəllif hüquqularının pozulması “Youtube”, “Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və digər rəqəmsal musiqi platformaları tərəfindən öz təsdiqini tapıb.
Sputnik
BAKI, 24 iyul — Sputnik. Erməni ifaçısı Gor Yepremyanın azərbaycanlı bəstəkar Bəhram Nəsibova məxsus “Qarabağ” mahnısının musiqisi əsasında çəkdiyi klip "Youtube"dan sonra digər bütün musiqi platformalarından silinib.
Bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb. Bildirilib ki, Agentliyin dəstəyi ilə bəstəkar Bəhram Nəsibovun vərəsəsi Adil Nəsibovun adından Agentlikdə akkreditasiyadan keçmiş “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) - https://rays.az/ texniki yardımı ilə “Youtube” administrasiyasına edilmiş müraciət əsasında B.Nəsibovun müəllif hüquqularının pozulması səbəbindən Gor Yepremyanın ifa etdiyi “Sirun jan” adlı mahnı “Youtube” tərəfindən “Youtube” platformasından və “CD BABY” distribütor şirkəti tərəfindən isə “Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və digər rəqəmsal musiqi platformalarından silinib.
"Bundan başqa, Harout Pamboukjianın ifa etdiyi “Aghji jan” mahnısının musiqisi də Azərbaycan bəstəkarı B.Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının musiqisi ilə üst-üstə düşdüyü üçün həmin mahnı “Youtube” tərəfindən eyniadlı platformasından silinib. Bununla da “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözlərinin və musiqisinin Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olması və erməni ifaçı Gor Yepremyan tərəfindən B.Nəsibovun müəllif hüquqularının pozulması “Youtube” rəhbərliyi və “Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və digər rəqəmsal musiqi platformaları tərəfindən öz təsdiqini tapmış və bəstəkarın pozulmuş hüquqları bərpa edilib", - deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözləri Gor Yepremyan tərəfindən dəyişdirilmiş və onun ifasında “Sirun jan” adı altında “Armenian Folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə “Youtube” platformasında yerləşdirilmişdi.
12.07.24, 22:10
"YouTube" Bəhram Nəsibovun mahnısının erməni versiyasını pozub
Son günlər mediada məlumat verdiyimiz kimi, sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözləri Gor Yepremyan tərəfindən dəyişdirilmiş və onun ifasında “Sirun jan” adı altında “Armenian Folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə “Youtube” platformasında yerləşdirilib.
Bununla əlaqədar Əqli Mülkiyyət Agentliyi tərəfindən 2024-cü il 9 iyul tarixində geniş şərh, 10 iyul tarixində isə Mədəniyyət Nazirliyi ilə Agentliyin Birgə Bəyanatı yayılıb.
Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi əlavə olaraq aşağıdakıları bildirir:
Gor Yepremyanın ifa etdiyi “Sirun jan” adlı mahnının “Youtube” platformasından silinməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilməkdədir. Tədbirlər çərçivəsində Agentlik tərəfindən bəstəkar Bəhram Nəsibovun vərəsəsi Adil Nəsibovun “Youtube” administrasiyasına müraciətinin hazırlanmasında hüquqi yardım göstərilmiş, müraciət və müvafiq sübutedici sənədlər ingilis dilinə tərcümə olunmuşdur. Agentliyin dəstəyi ilə qeyd edilən sənədlərin bəstəkarın vərəsəsinin adından “Youtube” və digər rəqəmsal platformalarla iş üzrə ixtisaslaşmış və Agentlikdə akkreditasiyadan keçmiş “Rəqəmli və Audiovizual Yayım Sənayəsi” İctimai Birliyi (RAYS) - https://rays.az/ tərəfindən “Youtube”a göndərilməsində texniki yardım göstərilmişdir.
Görülən tədbirlərin ilkin nəticəsi olaraq, Gor Yepremyanın rəsmi “Youtube” səhifəsində (hüquq pozuntusuna səbəb olan ilkin mənbədə) yerləşdirilmiş “Sirun jan” adlı mahnının video yazısı müəllif hüquqularının pozulması səbəbindən “Youtube” rəhbərliyi tərəfindən silinmişdir (URL: https://www.youtube.com/watch?v=xbFwavNaTHI).
Hazırda “CD BABY” distribütor şirkəti tərəfindən rəqəmsal musiqi platformalarında (“Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və s.) yerləşdirilmiş “Sirun jan” mahnısının digər audio və video yazılarının, hüquq pozuntusuna səbəb olmuş ilkin mənbədən götürülərək törəmə mənbələrdə yerləşdirilmiş nüsxələrinin silinməsi ilə bağlı müvafiq işlər aparılır.
Nəticə barədə əlavə məlumat veriləcəkdir.
09.07.24, 11:36
Bəhram Nəsibovun "Qarabağ" mahnısı oğurlanıb - Əqli Mülkiyyət Agentliyi
Azərbaycan bəstəkarı Bəhram Nəsibovun "Qarabağ" ("Anadır arzulara hər zaman Qarabağ") adlı musiqi əsərinin erməni ifaçı Gor Yepremyan tərəfindən "Sirun jan" adı altında mənimsənilərək ifa edilməsi və Youtube-da yayılması faktı Əqli Mülkiyyət Agentliyində araşdırılıb.
COPAT-dan verilən xəbərə görə, ilk növbədə, Agentliyin ekspertləri Azərbaycan Respublikasının xalq artistləri, bəstəkarlar Faiq Sücəddinov və Eldar Mansurov növbəti erməni oğurluğuna dərhal reaksiya veriblər. Onların təhlilinə əsasən müəyyən edilib ki, B.Nəsibovun "Qarabağ" əsəri muğamın çahargah ladında yazılıb və erməni ifaçının səsləndirdiyi "Sirun jan" adlı mahnı B.Nəsibovun "Qarabağ" əsəri ilə tam üst-üstə düşür. Ermənilər isə mahnını özgəninkiləşdirməyə çalışırlar. Ekspertlər bir daha təsdiq edirlər ki, B.Nəsibovun "Qarabağ" əsərinin adı ermənilər tərəfindən "Sirun jan" adı ilə dəyişdirilərək təhrif edilib.
Bildiririk ki, "Qarabağ" əsəri Bəhram Nəsibovun mətn və musiqi müəllifi olduğu və ilk dəfə Arif Babayev tərəfindən 1972-ci ildə ifa edilmiş mahnıdır.
"Qarabağ" adlı mahnı Azərbaycan bəstəkarı Bəhram Nəsibovun ən məşhur mahnılarından biridir. Musiqisi və sözləri Bəhram Nəsibova aid olan "Qarabağ" mahnısı 1972-ci ilin 2 iyun tarixində Əqli Mülkiyyət Agentliyində (Agentlik həmin vaxt Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsi adlanırdı) qeydiyyata (uçota) alınmışdır və Azərbaycan musiqisi kimi tanınır.
Bununla yanaşı, Bəhram Nəsibovun vərəsələri bəstəkarın bir çox mahnılarını, o cümlədən "Qarabağ" mahnısını 2004-cü il 21 iyul tarixində Əqli Mülkiyyət Agentliyində (Agentlik həmin vaxt Müəllif Hüquqları Agentliyi adlanırdı) qeydiyyatdan keçirmiş və onlara əsərin qeydiyyatı haqqında 662 nömrəli şəhadətnamə verilmişdir.
"Qarabağ" adlı mahnı 2009-ci ildə TRT-nin təşəbbüsü ilə "Türk Dünyasında Savaşların Müzikteki İzleri" adlı alboma daxil edilmişdir. Albomdakı mahnını Ali Haydar Gül ifa etmişdir.
Bütün arxiv sənədləri "Qarabağ" mahnısının Azərbaycan müəlliflinə məxsus olduğunu göstərir. Aygün Bəylər, Aygün Kazımova, Könül Xasıyeva, Brilliant Dadaşova , Mənsum İbrahimov və s. məşhur ifaçılar teleziya və radiolarda, xarici ölkələrdə qastrol səfərlərində olarkən bu mahnını dəfələrlə ifa ediblər.
Erməni əsilli ifaçı Gor Yepremyan isə Azərbaycan bəstəkarı Bəhram Nəsibovun "Qarabağ" mahnısını mənimsəyərək onun sözlərini dəyişib və "Sirun jan" adı ilə oxuyub. Youtube kanalında yerləşdirilmiş "Sirun jan" adlı musiqi əsəri haqqında verilən məlumatda Bəhram Nəsibovun adı göstərilməməklə müəllifin şəxsi hüquqları, Youtube kanalında kommersiya məqsədilə yerləşdirilməsi nöqteyi nəzərdən isə Bəhram Nəsibovun əmlak hüquqları pozulmuşdur.
Bu hal eyni zamanda milli qanunvericiliyin müddəaları ilə yanaşı, həm də Azərbaycan və Ermənistanın üzvü olduğu Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) təsis edən Konvensiyanın 3-cü maddəsinin tələbinin pozulmasıdır. Belə ki, bu Təşkilatın məqsədi "dövlətlərlə və istənilən digər təşkilatla əməkdaşlıq yolu ilə bütün dünyada əqli mülkiyyətin qorunmasına yardım etməkdən ibarətdir". Həmçinin Azərbaycan və Ermənistanın iştirakçısı olduqları "Ədəbi və bədii əsərlərin qorunması haqqında" Bern konvensiyasının, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarının pozulmasıdır.
Qeyd edilən fakt uzun illərdən bəri davam edən erməni ədəbi və musiqi oğurluğunun növbəti bir nümunəsidir.
Əqli Mülkiyyət Agentliyi tərəfindən mütəmadi olaraq Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, folklor nümunələrinin və digər qeyri-maddi mədəni irs nümunələrinin uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanması, mənimsənilməsi və erməni nümunələri kimi təqdim olunması hallarına qarşı mübarizə aparılır, hər bir fakt üzrə araşdırmalar aparılaraq tarixi əsaslara söykənən və həmin əsərlərin Azərbaycan xalqına məxsus olmasını danılmaz faktlarla sübut edən arayışlar hazırlanır, kütləvi informasiya vasitələrində yayılır.