RUSİYA

Azərbaycan və Rusiya XİN başçılarının müavinləri nə barədə danışıblar?

Görüş zamanı tərəflər Cənubi Qafqazda və qonşu regionlarda mövcud vəziyyəti müzakirə ediblər.
Sputnik
BAKI, 24 iyul — Sputnik. İyulun 23-də Moskvada Azərbaycan və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Samir Şərifov, qarşı tərəfdən isə xarici işlər nazirinin müavini Mixail Qaluzin rəhbərlik edib.
Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, gündəlikdə duran və qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə iki ölkə liderləri arasında qarşılıqlı etimada əsaslanan və ikitərəfli gündəliyi formalaşdıran yüksək səviyyəli siyasi dialoqun dövlətlər arasında müttəfiqlik qarşılıqlı fəaliyyətin əsasını təşkil etməsi məmnunluqla vurğulanıb.
Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında həmçinin iqtisadi-ticarət, mədəni-humanitar, eləcə də beynəlxalq və regional təşkilatlar və formatlar çərçivəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunub, ikitərəfli müqavilə-hüquq bazası və baxılmaqda olan layihələr nəzərdən keçirilib.
Həmin gün, nazir müavini Samir Şərifov ilə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko arasında da görüş keçirilib. Görüş zamanı beynəlxalq və regional təhlükəsizlik məsələləri, eləcə də hər iki ölkənin iştirak etdiyi regional formatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, S.Şərifov ilə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi, Xəzər dənizi məsələləri üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Mixail Petrakov arasında keçirilmiş görüşdə Xəzər məsələləri üzrə əməkdaşlığın hazırki vəziyyəti və inkişaf dinamikası müzakirə olunub.
23.07.24, 15:38
Azərbaycan və Rusiya XİN başçılarının müavinləri danışıqlar aparıb
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko və onun Azərbaycandan olan həmkarı Samir Şərifov Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qruşko və Şərifov təkcə Cənubi Qafqazdakı vəziyyətlə bağlı deyil, həm də qonşu regionlar haqqında müzakirə aparıblar.
Tərəflər həmçinin Avropa İttifaqı və NATO məsələlərinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) vəziyyətə və Avropa Şurasının regional fəaliyyətinə toxunublar.
İyulun 12-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Moskva NATO-nun Cənubi Qafqaza "sürünən nüfuzundan" narahatlığını ifadə edir.
O qeyd edib ki, Aİ-nin regiondakı missiyası Ermənistanın razılığı ilə müvəqqəti missiyadan daimi missiyaya keçə bilər. Onun sözlərinə görə, 2024-cü ilin aprelində Kanada nümayəndələri missiyada peyda olublar ki, bu da faktiki olaraq NATO-nun nüfuzu deməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.