BAKI, 24 iyul — Sputnik. 2024-cü ilin ilk 6 ayı ərzində icbari tibbi sığorta hesabına hamiləliyin pozulması ilə bağlı 42 039 cərrahi xidmət göstərilib. Bu barədə Sputnik Azərbaycan-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən daxil olan məlumatda bildirilir.
Abortların 16 936-sı hamiləliyin 9-cu həftəsinə qədər olan dövrdə, 16 463-ü hamiləliyin 9-cu həftəsindən sonra, 8640-ı isə uşaqlıqdankənar hamiləliyi pozmaq məqsədi ilə aparılıb.
Xəbərdə qeyd olunur ki, hamiləliyin süni pozulması (abort) ilə bağlı müayinə və müdaxilələr icbari tibbi sığorta təminatına daxildir. Xidmət hamilə qadınların sağlamlığının qorunmasını və zəruri hallarda lazım olan tibbi müdaxilələrin vaxtında həyata keçirilməsini təmin etmək məqsədi daşıyır.
Hamiləliyin pozulması icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda həkim göstərişi əsasında icra olunur.
Statistik göstəricilərə əsasən Bakı şəhərində qeyd olunan tibbi xidmət üzrə ən yüksək müraciət sayı Sabunçu Tibb Mərkəzi, Yeni Klinika, Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Abşeron Rayon Mərkəzi Xəstəxanası, rayonlar üzrə isə Şəmkir Rayon Mərkəzi Xəstəxanası, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Şəki Rayon Mərkəzi Xəstəxanası, Saatlı Rayon Mərkəzi Xəstəxanası və Tovuz Rayon Mərkəzi Xəstəxanalarına aiddir.
Ginekoloji problemlər, dölün anomaliyaları, borudan kənar hamiləlik, hamiləlik zamanı ananın sağlamlığı üçün risklər kimi tibbi göstərişlərə əsaslanan hallarda hamiləliyin pozulması zəruri hesab edilir. Bu məqsədlə xüsusi medikamentoz vasitələrdən, kiçik cərrahi müdaxilə ilə həyata keçirilən vakuum aspirasiya və uşaqlıq boşluğunun cərrahi yolla təmizlənməsi olan küretaj üsullarından istifadə olunur. Müvafiq üsul, xəstənin vəziyyəti və hamiləliyin mərhələsinə uyğun olaraq ixtisaslaşmış həkim tərəfindən təyin edilir.
Abortdan əvvəl və sonra aparılan obstetrik doppler müayinəsi, hamiləlik testi hormonu (HCG), ginekoloji USM (transabdominal və transvaginal), qan analizləri və biokimyəvi testlər icbari tibbi sığorta təminatına daxildir. Hamiləliyin 9-cu həftəsinə qədər olan müddətdə, əməliyyat medikamentoz və ya vakum-aspirasiya üsulları ilə həm ambulator, həm də stasionar şəraitdə həyata keçirilir. 9 həftədən sonra bu əməliyyat yalnız stasionar şəraitdə icra edilir. 12-ci həftədən sonra isə hamiləliyin sonlandırılması yalnız sosial səbəblərlə və tibbi göstəriş əsasında aparılır. Bu tibbi xidmətlərin hər biri icbari tibbi sığorta tərəfindən qarşılanır.
Bundan əlavə, çanaq orqanlarının və cinsiyyət orqanlarının infeksiyası, uzunmüddətli və ya massiv qanaxma, emboliya, şok, böyrək çatışmazlığı, maddələr mübadiləsi pozuntusu, çanaq orqanlarının və toxumalarının zədələnməsi və digər abort fəsadlaşmaları ilə əlaqədar stasionar müalicə də icbari tibbi sığorta tərəfindən təmin edilir.
Ambulator və stasionar şəraitdə aparılan instrumental və laborator müayinələr, reanimasiya və stasionarda yatış, əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, yatış müddətində manipulyasiyalar, qan və ya qan komponentləri, qidalanma icbari tibbi sığorta təminatına daxildir.
31.05.23, 09:19
Abortların qandonduran statistikası - 15 yaşlı qızlar da abort etdirir?
Azərbaycanda abortların sayı artıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, 2022-ci ildə 58 min abort qeydə alınıb. Onlardan 14 min 900-ü mini-abort, 500-ü dərman vasitələri ilə aparılan abortlar olub. 2018-ci ildə 36 min 141, 2019-cu ildə 37 min 308, 2020-ci ildə 34 min 719, 2021-ci ildə 46 min 877 abort qeydə alınıb.
Bəs görəsən, abortların artma səbəbi nədir?
Selektiv abortlar statistikanı daha da böyüdür
Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Zümrüd Kazımova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son illər abortların sayının artmasında selektiv abortların rolu çoxdur. O, bildirib ki, abortların sayının ildən-ilə artması cəmiyyətdə hələ də oğlan uşaqlarına üstünlük verilməsi, ailələrdə oğlan uşaqlarının daha çox istənilməsidir.
Z.Kazımova onu da bildirib ki, 12 həftəyədək hamiləliyi olan qadının dölü abort etdirməsinə icazə verilir. On iki həftədən sonra dölün cinsi bəlli olduğundan, belə abortların tibbi və sosial göstəriş olmadan aparılması yolverilməzdir.
Erkən nikahlar da abortlara səbəb olur
Onun sözlərinə görə, abortların sayının artmasına təsir edən daha bir məqam erkən nikahlardır.
Z.Kazımova erkən nikahlarda hamiləliklərin o qədər də uğurlu olmadığını, tibbi göstəriş səbəbindən, yaxud digər səbəblərə görə sonlandırıldığını söyləyib. Mərkəz səlahiyyətlisinin sözlərinə görə, bəzən ailənin sosial durumu da qadının abort etməsinə səbəb olur. Bu isə, abortların statistikasını daha da artırır.
Abortların təhlükəsi-uşaqlıq deşilə bilər!
Z.Kazımova bəzən abortlara qadınlarda və döldə qeydə alınan xəstəliklərin də səbəb olduğunu söyləyib. Həmsöhbətimiz bildirib ki, hər bir halda abort qadın orqanizminə mənfi təsir göstərir.
"Abort zamanı qadında qanaxma ola bilər, uşaqlığa infeksiya düşə bilər. Ən qoruxlusu qaşınma üsulu ilə aparılan abortdur. Bu zaman uşaqlıq deşilə bilər", - deyə Z.Kazımova bildirib.
Həmsöhbətimiz deyir ki, birinci abort daha təhlükəlidir. Bu,hətta sonsuzluğa da səbəb ola bilər. İSİM səlahiyyətlisi onu da qeyd edib ki, abortdan sonra qadının orqanizmində hormonal müəyyən dəyişiklik baş verir:
"Qadınların abortdan uzaq durması məsləhətdir. Abortlar qadını depressiyaya sala bilər. Əgər qadın daha uşaq doğmaq istəmirsə, qorunma üsullarından istifadə etməlidir. Qadınları mümkün qədər abortdan çəkinməyə səsləyirik".
15-19 yaşlı qızlar arasında abort halları artıb
Qeyd edək ki, əhali üzrə ümumi abortların sayına nəzər saldıqda görünür ki, 25-29 yaşlı qadınlar arasında abortların sayı daha çoxdur. Bu yaş kateqoriyasında 2000-ci ildə 5 064 abort, 2020-ci ildə isə 10993 abort qeydə alınıb. Qadınların müxtəlif yaş qrupları üzrə abortlarının ümumi sayına gəlincə, 2000-ci ildə qeydə alınan 17529 abortdan 572-si 15-19 yaşlı qızların payına düşüb. 2020 ildə qeydə alınmış 34719 abortdan isə 1299-u 15-19 yaşlı qızlar arasında qeydə alınıb. Statistik rəqəmlərdən görünür ki, son illər 15-19 yaşlı qızlar arasında abort halları artıb.
Son illər daha aşağı yaşda abort hallarına da rast gəlinib. Məsələn, 2000-ci ildə 15-17 yaşlı yaşlı qadınlar arasında abort qeydə alınmasa da, 2020-ci ildə bu rəqəm 29 olub. 2000-ci ildə 18-19 yaşlı qadınlar arasında isə abort halı qeydə alınmayıb. 2020-ci ildə isə bu yaşda qadınlar arasında 1270 abort halı qeydə alınıb.
Ümumilikdə ümumilikdə 15-49 yaşlı hər 1000 qadına düşən abortların sayı 2000-ci ildə 7,8, 2020-ci ildə isə 13,3 olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.