BAKI, 23 iyul — Sputnik. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti hakim "Gürcü arzusu" partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə və komandanın digər üzvlərinə qarşı hökuməti devirmək məqsədi ilə terror aktı törətmək cəhdi ilə bağlı işi araşdırır. Bu barədə "İmedi" məlumat yayıb.
"Dövlət Təhlükəsizliyi Xidməti iki maddə üzrə istintaq aparır. Tbilisi şəhər məhkəməsi bir neçə gündür ki, insanları dindirir. Məlumata görə, dindirmədə iştirak edənlərin əksəriyyəti Ukrayna tərəfində Rusiya Federasiyasına qarşı vuruşub. Söhbət cənab Bidzinanadan gedirdi, guya hökuməti devirmək üçün terror aktı planlaşdırılıb. Mən bu işin araşdırılması faktını alqışlayıram", - dindirilənlərdən birinin vəkili Mixail Ramişvili jurnalistlərə bildirib.
Onun sözlərinə görə, iş materiallarında partlayışa cəhd və digər terror aktları barədə məlumat verilir.
Bundan əvvəl "Mtavari Arxi" televiziya şirkəti Dövlət Təhlükəsizliyi Xidmətinin Ukraynadan qayıdan bir sıra muzdlular arasında dindirmə keçirdiyi barədə məlumat yayıb. Öz növbəsində, Dövlət Təhlükəsizliyi Xidməti hələlik rəsmi açıqlama verməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.