CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağadadaş Ağayev cinayət məsuliyyətinə cəlb olunub

Hadisənin hər iki iştirakçısı məsuliyyətə cəlb edilib, iş üzrə istintaq hərəkətləri davam etdirilir.
Sputnik
BAKI, 23 iyul - Sputnik. Xalq artisti Ağadadaş Ağayev cinayət məsuliyyətinə cəlb olunub. Bu barədə "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır:

"Fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Münaqişə tərəfləri N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir".

Nazirlikdən bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A.Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə onu hədələdiyini bildirib.
N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.