NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Aİ Azərbaycandan qaz tədarükü ilə bağlı danışıqlara başlayır - Bloomberg

Azərbaycan prezidenti bildirib ki, Ukrayna və Aİ, eləcə də Rusiya ilə danışıqlar davam edir və bütün tərəflər, tədarükün davam etdirilməsində maraqlıdır.
Sputnik
BAKI, 23 iyul — Sputnik. Avropa İttifaqı Kiyev və Bakı ilə Azərbaycandan qazın Ukrayna vasitəsilə tədarükü ilə bağlı danışıqlar aparır. Bu barədə Bloomberg yazır.
Nəşr Azərbaycan prezidenti İlham Əliyevə istinadən yazır ki, Ukrayna və Avropa İttifaqı Rusiya ilə mövcud müqavilənin müddəti ilin sonunda başa çatdıqdan sonra Ukrayna vasitəsilə Avropaya təbii qazın nəqli təklifi ilə Bakıya müraciət edib.
Azərbaycan prezidenti bildirib ki, Ukrayna və Aİ, eləcə də Rusiya ilə danışıqlar davam edir və bütün tərəflər, tədarükün davam etdirilməsində maraqlıdır. Bununla yanaşı, nəşr qeyd edir ki, İlham Əliyev Azərbaycanın Rusiya qazının reeksportu ilə bağlı ittihamları rədd edib, "ehtiyatlı olmağa" çalışdığını bildirib.
Öz növbəsində, Ukrayna prezidenti Vladimir Zelenski bu ayın əvvəlində ölkəsinin tranzit ölkə rolunu qoruyub saxlamaq və qərb qonşularının enerji təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycandan Aİ-yə təbii qaz tədarükü ilə bağlı danışıqlar apardığını bildirib. Zelenski Bloomberg-ə müsahibəsində deyib ki, Rusiya qazının Azərbaycan tədarükü ilə əvəzlənməsinə dair razılaşma hazırda müzakirə olunan təkliflərdən biridir.
Aİ Ukraynada baş verənlərdən sonra Rusiya qazından imtina etməyə çalışıb, lakin bəzi Avropa dövlətləri onu Ukrayna ərazisindən keçən boru kəməri ilə almağa davam edir.
Tranzit müqavilələrini əhatə edən müqavilənin müddəti 2024-cü ilin sonunda başa çatır, lakin tədarükün vaxtından əvvəl dayandırılacağına dair təkliflər var. Yada salaq ki, 2023-cü ilin sentyabrında Brüssel və Bakı Azərbaycandan Avropa İttifaqına qaz tədarükünün ildə 20 milyard kubmetrə qədər artırılması haqqında memorandum imzalayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.